Türkiyə Böyük Millət Məclisi dünən sosial medianın tənzimlənməsi ilə bağlı qanun layihəsini qəbul edib. Gündəmin aktual mövzularından biri olmağına baxmayaraq, Azərbaycanda bu məsələ öz həllini hələ tapmayıb.
Mövzu ilə bağlı Unikal.org-a açıqlama verən millət vəkili Elman Nəsirov sosial şəbəkələrdə insanları təhqir edənlərin cəzasız qalmasının onları bu işə daha da şirnikdirdiyini bildirib.
Millət vəkili hesab edir ki, payız sessiyasında bu məsələ mütləq həllini tapmalıdır: “Bu, artıq günümüzün ən aktual məsələsinə çevrilib, çünki həqiqətən də qlobal problemdir. Sosial şəbəkələr əslində cəngəllik qanunları ilə idarə olunur. Orada istənilən adamın şərəf və ləyaqətini alçatmaq və ictimai nüfuzuna xələl gətirmək mümkündür. Bunu edirsən və cəzasız qalırsan. Cəzasızlıq da insanları və dövlətləri yeni-yeni cinayətlər törətməyə şirnikdirir. Buna görə də Azərbaycan parlamentində sosial şəbəkələr haqqında qanun lahiyəsinin qəbuluna ehtiyac var”.
Deputatın sözlərinə əsasən, Milli Məclisin sessiyalarında qeyd edilən mövzu bir neçə dəfə qaldırılıb: “Hesab edirəm ki, payız sessiyasında bu məsələ ətrafında çox ciddi müzakirə aparılmalıdır. Real həyatda təhqir edən şəxsi inzibati və cinayət məsuliyyəti gözləyir, lakin virtual aləmdə bunun heç bir məsuliyyəti olmur. Türkiyə təcrübəsində olduğu kimi, bizdə də bu sahədə ciddi addımların atılmasının vaxtı gəlib çatıb, hətta deyərdim ki, gecikirik. Məsələn, hazırda Arif Məmmədov mənim adımdan istifadə edərək sosial hesabında şər-böhtan fikirlər deyib. Bu məsələlər qanunda öz əksini tapmadığı üçün belə əməllər cəzasız qalır. Bu cür halların qarşısını almaq üçün, bizdə sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun qəbuluna ehtiyac var”.
Dürrə Həsənova