"Ərəb baharı"nın astar üzü...
13:18 07-12-2012
CƏMİYYƏT
"Ərəb baharı"nın astar üzü...
Vəfa Quluzadə: "İsraillə Amerika Birləşmiş Ştatları Misirin indiki hakimiyyətini hansı formada olursa-olsun siyasi səhnədən uzaqlaşdırmalıdır"
Ötən gün Misirin paytaxtı Qahirədə baş vermiş qarşıdurmalar axşam saatlarına doğru daha da şiddətlənib. Yerli mediyanın verdiyi məlumata görə, prezident sarayının qarşısında çadır quraraq etirazlara davam edənlərlə prezident Məhəmməd Mursinin tərəfdarları arasında münaqişə baş verib. Hökumət tərəfdarları etirazçıların çadırlarını sökməyə çalışan zamanı qarşıdurmalar yaranıb.
Qarşıdurmalar zamanı 2 nəfərin öldürüldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir. Məlumata görə, xəsarət alanlardan 3-ünün vəziyəti ağır kimi qiymətləndirilir. Onlar başlarından aldıqları zədə ilə xəstəxanaya yerləşdiriliblər. Paytaxt küçələrində çoxlu sayda dağıntılar törədilib. Müxalifətin verdiyi məlumata görə, ötən gün təhlükəsizlik qüvvələri baş verə biləcək toqquşmalardan xəbərdar olub. Lakin qəsdlə bunun qarşısını almaq üçün əvvəlcədən tədbir görməyib. Lakin polis sonradan zorakılıqlara müdaxilə edərək 32-ə yaxın etirazçını həbs edib.
Qeyd edək ki, etirazların davam etməsinə səbəb prezident Məhəmməd Mursinin öz səlahiyyətlərini artıran qanun layihəsi qəbul etməsidir. Ötən gün, etirazlara bir sıra televiziya işçiləri də qoşulub. Onlar tətil elan edərək, Mursi hökumətinə qarşı etirazlarını bildiriblər.
Misir müxalifəti isə artıq hakimiyyətə etibar etmədiyini bəyan edib.
"Biz ümumi tətillər də daxil olmaqla mümkün ola biləcək hər cür etiraz vasitəsindən istifadə edəcəyik. Xalqın tələbləri yerinə yetirilənə qədər bu etirazlar davam edəcək. Biz inqılabın istiqamətini düzəltməyə çalışırıq. Düşünürəm ki, Mursi hakimiyyəti qısa müddətdə verdiyi qərarlarla artıq öz legitimliyini itirib. Xalq artıq prezidentə etibar etmir. Belə bir rəhbərin isə dövlət başçısı olaraq öz fəaliyyətini davam etdirməsi düzgün deyil", - deyə Əlbaradey sözlərini ifadə edib.
"Biz ilk öncə konstitusiya bəyannaməsinin ləğv edilməsini istəyirik. Yalnız bundan sonra Misir xalqının konstitusiyaya təsir gücündən və onu mühakimə etmək haqqında ciddi şəkildə müzakirə etməyə hazırıq", - deyə Musa qeyd edib.
Yaxın Şərqdəki proseslərə bütün incəlikləri ilə bələd olan məşhur politoloq Vəfa Quluzadənin sözlərinə görə, "Misirdə vəziyyət hədsiz dərəcədə mürəkkəbləşib və proseslər bu templə davam etsə, yaxın aylarda Misirin dövlətçiliyi üçün olduqca ciddi təhlükələr yarana bilər".
Politoloqun müşahidələrinə görə, "Hazırda Misirdə yaranmış gərgin vəziyyətin iki başlıca səbəbi var. Birinci və əsas səbəb ondan ibarətdir ki, indi bu ölkədə hakimiyyətdə olan "Müsəlman qardaşları" partiyası Misirin son 30-40 illik inkişaf tarixinə zidd olan bir siyasi kursu gerçəkləşdirmək niyyətindədir. Keçmiş prezident Mübarəkin hakimiyyəti illərində Misirdə fərqli bir cəmiyyət yaradılmışdı və bu, birbaşa onun xidməti idi. Mübarək cəhd göstərirdi ki, Misirdə Şərq ənənələrinə söykənən, amma müasir Avropa dəyərlərinə yiyələnən bir cəmiyyət formalaşdırsın və bu məqsədinə nail ola bilmişdi. Hazırda hakimiyyətdə olan islamçılar isə ölkədə sırf dini dəyərlərə əsaslanan dəyərlər sistemini formalaşdırmaq niyyətindədir. Amma onların bu yanlış kursu indi müşahidə etdiyimiz qanlı hadisələrə gətirib çıxardı. Misir İran deyil, orada belə eksperimentlər keçməz və keçmədi də. Buna görə də indiki prezident Mursinin hakimiyyətdən uzaqlaşdırılması prinsipcə həll edilib".
Politoloq fikrini davam etdirərək bildirir ki, "Misirdə ictimai-siyasi vəziyyətin bu cür qarışdırılmasında Amerika Birləşmiş Ştatları və İsrailin də xüsusi maraqları var. Bu xüsusi maraqlar yenə də Misirin indiki hakimiyyətinin yürütmək niyyətində olduğu daxili və xarici siyasət kursundan qaynaqlanır. Məlum olduğu kimi, Misir uzun illər boyunca İsrailin ərəb dövlətlərinə qarşı təcavüzkar siyasətinə bir qədər mülayim şəkildə yanaşırdı. Misirin yeni hakimiyyəti isə bu mülayimliyi sərt yanaşma ilə əvəz etməyə başlamışdı. Təbii ki, proseslərin bu istiqamətdə inkişaf etməsindən doğan əndişə həm İsraili, həm də Amerikanı çox narahat etməliydi. Misir hakimiyyətinin İsrailə qarşı davam edə biləcək təzyiq diplomatiyası israil üçün son dərəcə ciddi problemlər yarada bilərdi. Buna görə də İsraillə Amerika Birləşmiş Ştatları Misirin indiki hakimiyyətini hansı formada olursa-olsun siyasi səhnədən uzaqlaşdırmalıdır".
Politoloq Misirdə cərəyan edən gərginliyə xeyli bədbin şəkildə yanaşdığını da gizlətmədi: "Misirin yaxın gələcəyini yaxşı görmürəm. Bu ölkəni ciddi bəlalar və qarşıdurmalar gözləyir".
Savalan
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27