İyulun 30-da saat 10 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyiti aşkar olunub.
Hacıqabul rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir. İstintaqla meyitin 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya məxsus olması müəyyən edilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.