ATƏT-dən yeni bəyanat
13:53 08-12-2012
İQTİSADİYYAT
ATƏT-dən yeni bəyanat
Son günlər gözlənilmədən ATƏT Dağlıq Qarabağ problemi ilə bağlı aktivlik göstərməyə başladı. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərləri zamanı prezidentlərin görüşlərini təşkil etmək istəsələrdə Ermənistan prezidenti açıq şəkildə bundan imtina etdi. Bu isə sözsüz ki, təşkilatın nüfuzuna ağır zərbə idi.
Bundan başqa ATƏT-ə ağır zərbə həm də Rusiya prezidenti Vladimir Putindən gəldi. Putin açıq şəkildə bəyan etdi ki, ATƏT maraqlara cavab vermir və MDB üzvü olan dövlətlər yeni təşkilat yaratmalıdır. Bu isə o deməkdir ki, Rusiya beynəlxalq təşkilatları regiondan sıxışdırıb çıxartmaq və əvəzində Rusiyanın nüfuzunu bərpa etmək niyyətindədir. Sözsüz ki, ATƏT buna biganə qala bilməzdi və bu səbəbdən aktivlik təmin olunmağa başladı. Hətta ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ATƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa işləri üzrə naziri Bernar Kazenev Dağlıq Qarabağ münaqişəsinin tərəflərini konfliktin sülh yolu ilə nizamlanması üçün zəruri siyasi iradə nümayiş etdirməyə çağırıblar.
Sənəddə Helsinki Yekun Aktının əsas prinsiplərinə, o cümlədən güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququna riayət olunmasının zəruriliyi vurğulanır.
"Prezidentlərin 2011-ci ildə qəbul etdiyi Dövil bəyanatına əsaslanaraq, yenidən tərəfləri sülh yolu ilə nizamlanmaya nail olmaq üçün qətiyyətli addımlar atmağa çağırırıq. Təəssüf edirik ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2012-ci il yanvarın 23-də Soçidə qəbul etdiyi birgə bəyanata rəğmən, sülh prosesində sürətli tərəqqiyə nail olunacağı ilə bağlı gözləntilər özünü doğrultmayıb. Bunun əvəzinə, tərəflər qarşılıqlı anlayışa əsaslanan razılaşma imkanı tapmaq əvəzinə, danışıqlar prosesində tez-tez birtərəfli üstünlük əldə etmək yolları axtarıblar".
Bəyanat müəllifləri tərəfləri 1994-cü ildə imzalanmış atəşkəs rejiminə riayət etməyə çağırıb və qeyd ediblər ki, hərbi güc tətbiqi münaqişəni həll etməyəcək: "Biz tərəfləri əhali arasında düşmənçilik hissini qızışdıran bəyanat və hərəkətlərdən çəkinməyə çağırırıq. Münaqişə tərəflərinin liderləri öz əhalisini bir gün düşmən deyil, digər tərəfin mədəniyyət, tarix və ənənələrinə hörmətlə yanaşılacaq qonşu kimi yaşayacaqları günə hazırlamalıdır".
Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2013-cü ilin əvvəlində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələri davam etdirməyə hazır olmasını alqışlayıblar.
"Ölkələrimiz əvvəlki kimi tərəflərə kömək etmək üçün özündən asılı olan hər şeyi etməyə hazırdır, lakin Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün məsuliyyət yenə də tərəflərin üzərində qalır".
Maraqlıdır, bəs bu bəyanat vəziyyətə hansısa formada təsir edə bilərmi?Ekspertlər bildirir ki, əslində bu bəyanat növbəti bəyanatlardan biridir və yenə ortaya prinsipiallıq qoyulmayıb. Belə ki, bəyanatda bir tərəfdən ərazi bütövlüyünün qorunması tələb edilir, bu biri tərəfdən isə özmüqəddaratını həll etmə prinsipi gündəmə gətirilir. Bu isə təkrarçılıqdan başqa nə isə deyil. Ümumilikdə götürəndə isə ekspertlər hesab edir ki, ATƏT-in bu aktivləşməsi problemin həlli ilə bağlı yox, sadəcə olaraq atəşkəsi qorumaqla bağlıdır. Bu səbəbdən də bəyanatın təsirli olacağını gözləməyə dəyməz.
Bu arada Ermənistanın xarici işlər naziri növbəti dəfə Azərbaycanı ittiham edib. "Təəssüf ki, həmsədrlərin regiona onlarla səfəri nəticə verməyib, çünki Azərbaycan tərəfi bir-birinin ardınca həmsədrlərin bütün təkliflərini rədd edib. Biz Azərbaycanın ATƏT-in mandatı çərçivəsində gördüyü işləri pozmaq niyyətində olduğunu görürük".Bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
O qeyd edib ki, Azərbaycan danışıqlar prosesində maksimalist mövqe tutub və Minsk Qrupunun işinə hər cür maneə yaradır: "Azərbaycan tərəfi hər bir vəchlə vasitəçiləri dəyişməyə çalışır və onların səylərinə qara yaxır. Azərbaycan Ermənistana qarşı nifrət siyasəti yürüdür və daim sivil dünyanın prinsiplərinə zidd addımlar atır".
Ramil Səfərov məsələsinə toxunan Nalbandyan bildirib ki, "bu şəxs Azərbaycanda milli qürur simvoluna və təqlid nümunəsinə çevrilib, bu isə regional stabilliyi təhlükə altında qoyur".
O, "Azərbaycanın Dağlıq Qarabağa qarşı güc tətbiq etmək kimi daimi təhdidlərdən" narahatlıq ifadə edib. Nalbandyan bildirib ki, Ermənistan münaqişənin sülh yolu ilə nizamlanmasında həmsədrlərin yanındadır: "Biz Kazan sammitində irəliləyiş əldə olunmamasına görə təəssüf edirik".
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35