Rusiyada yaşayan azərbaycanlı Ruslan Əliyev fizika üzrə ümumrusiya “Kurçatov” olimpiadasında uğur qazanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən xəbərə görə, Rusiyanın Vahid Qeydiyyat Sisteminin internet səhifəsində yerləşdirilən məlumata əsasən, Moskvanın 2033 saylı orta məktəbinin VIII sinif şagirdi Ruslan Əliyev yarışın final mərhələsində 50 mümkün baldan 46 bal toplayıb və 3-cü yeri tutub. Finalda 100 şagird iştirak edib.
Ruslan Əliyev 2005-ci il martın 28-də Moskvada, azərbaycanlı iş adamı Tələt Əliyevin ailəsində dünyaya göz açıb. Azyaşlı soydaşımız fizika və riyaziyyat fənlərinə xüsusi maraq göstərir.
Qeyd edək ki, ümumrusiya “Kurçatov” olimpiadası 2012-ci ildən başlayaraq hər il keçirilən nüfuzlu intellektual yarışdır. Bu olimpiadada 6-11-ci sinif şagirdləri iştirak edə bilirlər. Olimpiadanın təşkilatçıları arasında “Kurçatov İnstitutu” elmi-tədqiqat mərkəzi, Moskva şəhər təhsil idarəsi, Moskva Fizika-Texnologiya İnstitutu və Sankt-Peterburq Dövlət Universiteti də var. Əsas məqsədlərdən biri şagirdlərin elmi fəaliyyətə marağını üzə çıxarmaq, ən istedadlıları ölkənin aparıcı texniki universitetlərində təhsil almağa cəlb etməkdir. Olimpiada Rusiya Məktəbli Olimpiadaları Şurasının siyahısına daxil olmaqla, fizika üzrə I, riyaziyyat üzrə II səviyyəyə malikdir.
Azyaşlı soydaşımızı və valideynlərini bu mötəbər bilik yarışında qazandığı uğura görə təbrik edir, ona gələcək elmi karyerasında daha böyük nailiyyətlər arzulayırıq.