Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Reyner İngiltərənin cənubundakı Houv kurort şəhərində mənzil alarkən vergi rüsumunu ödəmədiyini etiraf etdikdən sonra cümə günü istefa verib.
"Unikal" xəbər verir ki, onun istefasının ardından Baş nazir Kir Starmer kabinetində dəyişikliklər həyata keçirib. Yenilənmiş siyahıya görə, maliyyə naziri Reyçel Rivz öz vəzifəsində qalsa da, digər əsas postlarda ciddi dəyişikliklər baş verib.
Ədliyyə naziri Şabana Mahmud daxili işlər naziri təyin olunub. O, bu dəyişikliklə hökumətin ən mühüm vəzifələrindən birinə yüksəlib. Mahmudun yerinə isə indiyədək xarici işlər naziri olan Devid Lammi ədliyyə naziri postuna gətirilib. Daxili işlər naziri İvet Kuper isə bundan sonra xarici işlər naziri kimi fəaliyyət göstərəcək.
Bu dəyişikliklər İ. Kuper üçün geriləmə kimi qiymətləndirilir. O, daxili işlər naziri olduğu müddətdə əsas prioritet kimi qeyri-qanuni miqrasiya ilə mübarizəni müəyyən etmişdi. D.Lammi üçün də bu qərar gözlənilməz olub, çünki Baş nazir noyabr ayında ona bu postda beş illik fəaliyyətə zəmanət vermişdi.
Əksinə, Ş.Mahmud üçün bu dəyişiklik ciddi yüksəliş hesab olunur. Onun daxili işlər naziri postuna gətirilməsi ilə ilk dəfə Böyük Britaniya hökumətinin üç ən yüksək vəzifəsində qadınlar təmsil olunacaq. Digər tərəfdən, İcmalar Palatasının spikeri Lüsi Pauell və Şotlandiya üzrə nazir İan Mörrey vəzifədən azad ediliblər.