Etibar Pirverdiyev 2,5 milyard dolları neyləyib?
13:57 08-12-2012
CƏMİYYƏT
Etibar Pirverdiyev 2,5 milyard dolları neyləyib?
"Azərenerji" prezidentinin xaricdən aldığı kreditlər təhlükəyə çevrilir
Azərbaycan hökuməti cəlb edilən xarici kreditlərdə ehtiyatlı olmalıdır. Bank Monitorinqi Koalisiyasının "Xarici dövlət borcları və beynəlxalq maliyyə institutlarının layihələrində ictimai iştirak" hesabatında deyilir ki, 10 ildə dövlət zəmanətli 10 milyard 495 milyon dollar vəsait alınıb.
Bunun 5 milyard 818 milyon dolları xərclənib. Ənənəvi donorlarla yanaşı (DB, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, AYİB, AİB) yerli podaratçılara Amerika, Şotlandiya, Çexiya, İran, Koreya bankları, Çin, Qazaxıstan hökuməti borc verib və onların sayı artır.
Koalisiya üzvlərinin bildirdiyinə görə, 2011-ci ildə ÜDM-də dövlət borcunun xüsusi çəkisi 2010-cu il ilə müqayisədə 1,7% azalıb. Amma mütləq ifadədə borc 4 milyard 817 milyon dollara qədər artıb.
"Unikal"ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2004-2012-ci illərdə Azərbaycan 71 layihə üzrə 9 milyard 545,9 milyon dollar cəlb edib. Həmin kreditlərin ən böyük "payçılarından" biri və bəlkə də birincisi "Azərenerji" olub: 24,09%. Yəni xaricdən alınan kreditlərin beşdə birindən çoxu Etibar Pirverdiyevin nəzarətinə yönəlib. Bu isə o deməkdir ki, söhbət kifayət qədər fantastik rəqəmlərdən gedir, bir az da konkretləşdirsək, nə az, nə çox düz 2,3 milyard dollardan!
"Azərenerji" iddia edir ki, qurum həmin vəsaitlə 10 layihə icra edib. Amma nəzərə alsaq ki, nəinki media, hətta hökumətə yaxın millət vəkilləri (Çingiz Qənizadə, Qənirə Paşayeva, Fuad Muradov və digərləri) zaman-zaman Etibar Pirverdiyevin başında dayandığı səhmdar cəmiyyətdə korrupsiya ehtimallarını qabardırlar, onda alınan külli miqdarda xarici kreditin təyinatı üzrə xərcləndiyinə dair əhəmiyyətli şübhələr yaranır.
Digər tərəfdən, Pirverdiyevin qurumu şəffaflıq və hesabatlılıq sarıdan da əziyyət çəkir. Bu isə birmənalı olaraq korrupsiyanın dərəcəsinin yüksək olduğu qurumlara xas bir keyfiyyətdir. Bir sözlə, "Azərenerji"nin 8 ildə 2 5 milyardı nə qədər dürüst xərclədiyi ciddi suallar və müəmmalar doğurur.
Ekspertlər hesab edirlər ki, artıq hökumət xarici borclara limit qoymalı, kredit cəlbi üzrə strategiya hazırlamalı, vəsaitlərin xərclənməsinə nəzarət edən beynəlxalq institutlara üstünlük verməlidir. Hökumətin bu sahədə işi şəffaf olmalıdır. Dövlət şirkəti və kommersiya təşkilatları kreditlərdən istifadə barədə hesabatları internet resurslarda tam yerləşdirməlidirlər.
Beynəlxalq maliyyə institutları təkcə müştərinin ödəniş qabiliyyətini nəzərə almamalı, şəffaflığın etibarlı mexanizmini hazırlamalıdırlar. Vətəndaş cəmiyyəti beynəlxalq maliyyə institutlarının strateji tərəfdaşı olmalıdır. İmzalanan sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir.
Bunun qısa izahı isə ondan ibarətdir ki, "Azərenerji" kimi KİV-də və cəmiyyətdə, hətta hökumətin özünə yaxın çevrələrdə "korrupsiyalaşmış qurum" imici güclənmiş müəssisələrin Azərbaycan dövləti adına xaricdən külli miqdarda kreditlər alması ölkənin maliyyə təhlükəsizliyinə ciddi təhdiddir. Belə kreditlər hesabına kimlərsə varlanır, itirən isə ümumilikdə Azərbaycan dövləti və xalqı olur.
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27