“Bakı İnşaat Sənaye” ASC 2004-ci ildə yaradılıb. Əsas istehsal yönümü tikinti və digər sahələrdə istifadə edilən qara metal məmulatlarından künclük, şveller, dördbucaq, dairəvi və müxtəlif dəmir məhsulları, mismar və məftillərin hazırlanmasıdır.
İstehsal olunan qara metal məmulatları müxtəlif çeşid və ölçülərdə yüksək texnoloji yayma üsulu ilə hazırlanır. Müəssisə Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin AZS Milli Sertifikatlaşdırma sistemi ilə “Uyğunluq Sertifikatına” və “Beynəlxalq SGS” sertifikatına layiq görülüb.
Unikal.org “Bakı İnşaat Sənaye” ASC-nin təsisçisi Loğman Zülfüqarlının Oxu.Az-a müsahibəsini təqdim edir:
- Loğman müəllim, sizinlə görüşümüz həm Azərbaycan, həm də ümumilikdə əksər dünya ölkələri üçün kifayət qədər mürəkkəbliyi ilə seçilən pandemiya dövrünə təsadüf edir. Azərbaycan sahibkarı belə bir şəraitdə özünü necə hiss edir?
- Əlbəttə, koronavirus pandemiyası dünya gündəmini əhəmiyyətli dərəcədə dəyişdi. İnsanlar vərdiş etdikləri adi həyat tərzindən, ritmindən tamamilə yeni, hətta deyərdim ki, özləri üçün tamamilə yad bir şəraitdə yaşamağa və işləməyə məcbur olurlar.
Bütün bunlar, təbii ki, həm ölkələrin sosial-iqtisadi inkişafına, həm də ümumiyyətlə, insanların psixoloji durumuna heç də müsbət təsir göstərmir. Həmçinin, yaranmış vəziyyətin mürəkkəbliyi dünya bazarlarında neft qiymətlərinin kəskin enməsi ilə də müşahidə olundu. Bu isə o deməkdir ki, biz İkinci Dünya müharibəsindən sonra tarixin ən böyük iqtisadi durğunluq, sosial-iqtisadi fors-major hadisəsi ilə rastlaşdıq.
Ancaq şükürlər olsun ki, cənab Prezident İlham Əliyevin siyasi təcrübəsi, dünyanın siyasi-iqtisadi həyatında baş verən hadisələri düzgün və uzaqgörənliklə təhlil etmək bacarığı, vaxtında önləyici tədbirlərin həyata keçirilməsinə yönəlik praqmatik qərarları verməsi xalqımızı böyük bəlalardan xilas etdi.
Dövlətimiz öz vətəndaşının qayğısına qaldı, onun sağlamlığını hər şeydən üstün tutduğunu bəyan edərək, bütün lazımi işləri apardı. Son günlərdə ölkədə koronavirusa yoluxma statistikasında müşahidə etdiyimiz müsbət dinamika məhz görülmüş işlərin nəticəsidir.
Bütün bunlar xalqımızın anlaşıqlı davranışı, bütün çətinliklərə, narahatlıqlara rəğmən özünütəcrid tədbirlərinə riayət edilməsi nəticəsində mümkün olub. Vətəndaşlarımız bu dəfə də öz müdrikliyini göstərdi, məhz dövlətinin, onun başçısının yanında olduğunu bir daha nümayiş etdirdi.
Biz sahibkarlar da xalqımızın ayrılmaz tərkib hissəsi kimi, pandemiya ilə əlaqədar tətbiq edilmiş xüsusi rejimin ilk günlərindən dövlətimizin, Prezidentimizin yanında olduq. Görülən işlərə hərtərəfli dəstəyimizi verdik.
Diqqət edin, cənab İlham Əliyevin bircə çağırışı kifayət etdi ki, pandemiya ilə mübarizə məqsədilə yaradılmış fonda sahibkarlar öz yardımlarını köçürsün. Bilirsinizmi, söhbət maliyyə vəsaitindən, onun məbləğindən getmir. Söhbət ondan gedir ki, hər bir sahibkar dövlətinin yanında, möhtərəm Prezidentimizin ətrafında olmasından qürur duyur.
Bu gün Azərbaycan bütün mənalarda qüdrətli, fəxr ediləsi ölkədir. İqtisadiyyatımızın dayanıqlılığı bütün, hətta belə fors-major vəziyyətlərdən minimum itkilərlə çıxmağa imkan verir. Yəni dövlətimizin sosial-iqtisadi qüdrəti fonunda sahibkarların bu dəstəyi bəlkə də maliyyə baxımından müəyyən dərəcədə əhəmiyyətsiz görünə bilər.
Lakin bir daha təkrar edirəm, bu, sosial-iqtisadi cəhətdən olduqca qeyri-müəyyən bir şəraitdə öz dövlətinə, onun başçısına sonsuz inamın, qürurun, güvənin təzahürü idi. Bunu xalqımızla bərabər bütün dünya da gördü.
- Təsisçisi olduğunuz “Bakı İnşaat Sənaye” ASC öz işini pandemiyanın diktə etdiyi şərtlər çərçivəsində qura bilirmi? Bu mürəkkəb dövrdə qarşınızda hansı hədəfləri qoyursunuz?
- Əksər dünya ölkələrində iqtisadi fəallığın aşağı düşməsi sahibkarlıq fəaliyyətinin bir çox istiqamətlərində, xüsusilə də xidmət sektorunda işlərin tamamilə dondurulmasına gətirib çıxarmışdı.
Fəaliyyəti davam etdirilən bəzi istehsal sahələrində isə, təbii ki, qida sənayesi, dərman preparatları və tibbi ləvazimatlar istisna olmaqla, əhəmiyyətli enişlər müşahidə olunur. Bu çətin məqamda pandemiyadan zərər çəkmiş sahələrə dövlətimiz öz dəstəyini əsirgəmədi.
İşlərini davam etdirən sahələr isə, o cümlədən də fəaliyyət göstərdiyimiz qara metallurgiya sənayesi, nisbətən ayaqda qalmağı bacardı. Sirr deyil ki, bazar iqtisadiyyatı şəraitində qiymətlər tələb-təklif əsasında müəyyənləşir.
Bəzən qiymətləri minimuma endirmək məcburiyyətində qalırsan ki, həm istehsal prosesi dayanmasın, həm də buraxılan məhsul az miqdarda da olsa, satılsın. Yəni bu və ya digər şəkildə rentabelliyi qoruyub-saxlamağa nail oluruq.
Ən birinci hədəfimiz məhz budur – müəssisə işləməli, burada çalışan insanlar əməkhaqqı almalı, eyni zamanda dövlətimiz tərəfindən müəyyənləşdirilən və koronavirusun yayılmasının qarşısını alan tədbirlər aparılmalıdır.
Şirkətimizin ərazisinə daxil olarkən həm girişdə, həm də bütövlükdə hər bir istehsal sahəsinin, yeməkxananın, istirahət zonasının qarşısında fərdi qoruyucu vasitələr, antibakterial məhlullar, maarifləndirici lövhələr var. Təlimata uyğun olaraq, işçi heyətinin hər bir üzvünün tibbi maskası iki saatdan bir dəyişdirilir.
Karantin rejiminin ilk günündən müəssisəmizin bütün açıq və qapalı sahələri hər səhər dezinfeksiya edilir. Bütün bunlar əmək təhlükəsizliyi üzrə mütəxəssislərimizin ciddi nəzarəti altındadır. Bu gözəgörünməz düşmənə yalnız belə qalib gəlmək olar.
Hesab edirəm ki, hər bir müəssisə tələblərə ciddi riayət etməklə, öz kollektivinin sağlamlığını qorumaqla, işçilərinə lazım olan şəraiti yaratmaqla dövlətimizə böyük kömək və dəstək göstərmiş olacaq. Əminəm ki, hər bir sahibkar bunun fərqindədir.
- Şirkətinizin perspektiv planlarının gündəliyində nələr dayanır?
- Müəssisəmizin perspektiv inkişafı diqqət mərkəzindədir. Bu nöqteyi-nəzərdən başlıca istiqamətlərdən biri istehsal prosesinin daim təkmilləşdirilməsi, yeni avadanlıqların və texnologiyanın tətbiqi, istehsalın bütün mərhələlərində yerli kadrlarımıza üstünlüyün verilməsi, əl əməyindən mümkün qədər az istifadə edilməsidir.
Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, yerli istehsalçılarımız dünyanın ən qabaqcıl və mütərəqqi texnologiyalarını Azərbaycana gətirməli, tətbiq etməlidir. Dövlət başçısının yerli istehsalın, xüsusilə də ixracyönümlü istehsalın inkişafına verdiyi önəm hər kəsə yaxşı məlumdur.
Təsadüfi deyil ki, məhz dövlət başçısının tapşırığı ilə bütün sferalarda olduğu kimi, yerli sahibkarlığın inkişafı istiqamətində də dərin islahatlar həyata keçirilir, konkret mexanizmlər işlənib hazırlanır. İnvestisiya mühitinin əlverişliliyinin daha da artırılmasında “İnvestisiyaların təşviqi” dövlət proqramı çərçivəsində görülən tədbirlər xüsusilə qeyd edilməlidir.
Yəni cənab Prezident özəl sahibkarlığın inkişafı üçün bütün lazımi şəraitin yaradılmasını daim diqqət mərkəzində saxlayır. Şərait olan yerdə isə iş qurmaq, fəaliyyət göstərmək hər bir iş adamının arzusudur. Qürurvericidir ki, biz sahibkarlar üçün bu istək və arzularımızı doğma Vətənimizdə gerçəkləşdirməyə bütün imkanlar var. Qalır ancaq işləmək.
- Kreditlərə çıxış imkanlarınızda problem yaşamırsınız?
- Bu yaxınlarda istehsal prosesinin təkmilləşdirilməsi məqsədilə müəssisəmiz güzəştli şərtlər çərçivəsində 5 milyon manat məbləğində kredit əldə edib. Görürsünüz, biz dövlətimizə güvəndiyimiz kimi, dövlətimiz də bizə güvənir.
Həm yatırdığımız investisiyalar, həm də qeyd etdiyim güzəştli kredit hesabına təsisçisi olduğum müəssisədə yeni nəsil rəqəmsal texnologiyaların tətbiqinə, buraxılan məhsulun çeşidini genişləndirməyə, ölkəmizə daxil olan valyuta həcmini artırmağa, daha çox iş yerləri açmağa nail olacağıq. Məsələn, istehsal edilən məhsul çeşidlərini genişləndirməyi planlaşdırırıq.
Burada söhbət daha incə inşaat məhsullarının da buraxılışından gedir. Eyni zamanda, təkcə fəaliyyətdə olan “Bakı İnşaat Sənaye” ASC-ni inkişaf etdirmək deyil, həmçinin yeni istehsal sahələrini də yaratmaq niyyətindəyik.
- Bu, yeni layihənin başlanmasının anonsudur?
- Söhbət bütün Qafqaz məkanında bənzəri olmayan yeni bir layihə həyata keçirmək istəyirik. Məsələ burasındadır ki, hazırda respublikamızda daxili bazarda istehsal edəcəyimiz yeni məhsullara böyük ehtiyac var.
Bu, sözügedən və istehsal olunacaq məhsulların Azərbaycan bazarında idxaldan asılılığını 90 faizə qədər azaltmağa imkan verəcək. Bu istehsal müəssisəsinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılması deməkdir ki, cənab İlham Əliyev tərəfindən həyata keçirilən sosialyönümlü siyasətə töhfəmiz ola bilər.
- Loğman müəllim, məhsullarınızın böyük əksəriyyətinin ixrac edildiyini dediniz. Bəs həmin məhsulların keyfiyyəti beynəlxalq standartlar baxımından hansı səviyyədədir və dünyada formalaşmış bazar konyunkturuna nə dərəcədə uyğundur?
- Məhsullarımız müvafiq keyfiyyət və uyğunluq sertifikatlarına malikdir. Məsələn: İSO-9001 sertifikatını, Avstriya və Türkiyə birgə şirkəti olan TÜV-ün sertifikatını əldə etmişik. Müəssisəmizdə buraxılan dəmir məmulatları Türkiyədə bir ay ərzində testlərdən uğurla keçəndən sonra sertifikatlaşdırılır.
Həmin sınaqlar zamanı yükdaşıyıcı konstruksiyaların yükgötürmə qabiliyyəti sərt şəraitdə yoxlanılır. Gələcəkdə həyata keçirəcəyimiz yeni layihə barəsində onu demək istəyirəm ki, yüksək texnologiyaya sahib olan qabaqcıl ölkələrlə, o cümlədən Hindistan, Türkiyə Respublikası, İtaliya və Çin Xalq Respublikası ilə danışıqların son mərhələsindəyik.
Niyyət protokolları imzalanıb və çox yaxın gələcəkdə Allahın köməkliyi ilə həyata keçirəcəyik. Hələ ki, istehsal etdiyimiz məhsullar Gürcüstan Respublikasına ixrac olunur və yaxın gələcəkdə Türkiyə Respublikasına və başqa ölkələrə ixrac olunacaq.
Müsahibədən sonra bizi zavoddakı iş prosesi ilə tanış edirlər, metaləritmə prosesini izləyirik.
Şirkətdə işçilər üçün yüksək şərait yaradılıb. Əməkdaşlar gündə iki dəfə yeməklə təmin olunurlar. Hazırda şirkətin 520 işçisi var.