Xəbər verdiyimiz kimi Livanın paytaxtı Beyrutda dəniz limanında güclü partlayış baş verib. Partlayışın təsadüf, yaxud hücum nəticəsində baş verməsi ilə bağlı bir sıra iddialar var.
Mövzu ilə bağlı Unikal.org-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Livan siyasi baxımdan qarışıq ölkə olduğu üçün burada müxtəlif səbəb ağıla gələ bilər.
“Bu mövzuda iki fərqli istiqamət ön plana çəkilir. Bir qrup İsrailin adını çəkir. Əgər İsrail Livandakı hədəfləri vurubsa, bu onun təhlükəsizliyinə problem yaradar, çünki əsasən Hizbullahın mövqelərini vurmuş olub. Yox əgər həmin deponun Hizbullahla əlaqəsi yoxdursa, deməli, İsraildən şübhələnmək olmaz. İsrail hər zaman belə hadisələr zamanı şərh verir, amma bu dəfə təkzib edib. Bu da o deməkdir ki, bu işdə İsrailin əli görünmür. Digər tərəfdən isə İŞİD-in adı hallanır. Ümumiyyətlə, İŞİD harada nə baş verirsə, öz adına çıxarmağa, bununla da öz gücünü, qüdrətini göstərməyə çalışır. Lakin İŞİD son illər çox zəifləyib, əvvəlki potensialı yoxdur. Həm də niyə Livandakı mövqeləri partlatsın ki? Araşdırmalardan sonra əsl səbəb bəlli olacaq, amma fakt ondan ibarətdir ki, Livan siyasi baxımdan çox qarışıq ölkədir, burada müxtəlif məzhəb və silahlı qruplaşmalar var. Bu partlayış həmin qruplaşmalar arasındakı mübarizənin tərkib hissəsi də ola bilər. Əsl səbəblər isə təbii ki, aparılan araşdırmalardan sonra bilinəcək”.
Qeyd edək ki, bu gün “LBC International” telekanalı Beyrutun hüquq-mühafizə orqanlarına istinadən partlayışın aparılan qaynaq işləri zamanı 2 700 ton selitrin partlaması nəticəsində meydana gəldiyini bildirib. Hadisə nəticəsində 100-dən çox ölən, 4 mindən artıq yaralı var.
Dürrə Həsənova