Haqqı ödənilən ictimai işlərin təşkili qaydalarına dəyişiklik təklif edilir.
Unikal.org-un məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisələrdə işsiz şəxslərin, il ərzində müvafiq inzibati ərazi vahidi üzrə ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 %-dən çox olmamaqla işaxtaran şəxslərin müvəqqəti məşğulluğunu onları haqqı ödənilən işlərə cəlb etməklə təşkil edəcək.
İndiyə qədər Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirdilər.
Təklif edilən digər bir dəyişikliklə işsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb işsiz şəxslərin 20%-dən çox olmamaqla işaxtaran şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişsiz təşkil olunacaq, işaxtaran şəxslərin (yuxarıda göstərilən hal istisna olmaqla) peşə hazırlığı isə ödənişli əsaslarla həyata keçiriləcək.
İndiyə qədər işsiz şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişsiz təşkil olunurdu. İşaxtaran şəxslər isə peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurdular.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.