Yeni növ koronavirus (COVİD19) pandemiyasının yayılmasının qarşısının alınması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib.

Unikal.org xəbər verir ki, Gənclər və İdman nazirliyi tərəfindən görülmüş işlərlə yaxından tanış olmaq üçün bu gün Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı baxış keçiriblər.

İyulun ilk həftəsindən təyinatının müvəqqəti dəyişdirilməsi işlərinə başlanılmış hər iki komplekslərdə xəstələrin müvafiq həcmdə bərabər və təhlükəsiz şəkildə oksigenlə təminatı üçün stansiyadan palatalara xüsusi tibbi mis borular çəkilmiş, binanın daxilində müasir paylayıcı avadanlıqlar quraşdırılmışdır.