İsmət Abbasovun nazirliyini ifşa edən təzə fakt
12:57 12-12-2012
İQTİSADİYYAT
İsmət Abbasovun nazirliyini ifşa edən təzə fakt
"Kənd təsərrüfatı ölkəsi" kimi təqdim olunan Azərbaycan MDB ölkələrinin çoxuna necə uduzur?
Rəsmilər (söhbət əlbəttə ki, ilk növbədə Kənd Təsərrüfatı Nazirliyinin yetkililərindən gedir) Azərbaycanda qeyri-neft sektorunun inkişafı barədə bəyanatlarını intensivləşdiriblər. Artıq tez-tez iddia olunur ki, bir vaxtlar kənd təsərrüfatı ölkəsi kimi tanınan Azərbaycan yenə də əvvəlki şöhrətinə qovuşmağa başlayır.
Halbuki reallıq belə optimizim üçün əl yeri qoymur: müstəqil hesablamalar və ekspert rəyləri ölkədə aqrar sektorun yüksəlişdə olması barədə rəsmi bəyanları bölüşmürlər; onların fikrincə, bu daha çox "pripiska" xarakterli rəsmi statistik rəqəmlərə söykənən populizmdən başqa bir şey deyil. Elə indi sizə bir fakt üzərindən yola çıxıb təqdim edəcəyimiz məqamlar da belə düşünmək üçün ciddi əsas verir.
Söhbət ondan gedir ki, Ərzaq proqramının yerinə yetirilməsi üzrə Kənd Təsərrüfatı Nazirliyinin illik hesabatlarında xeyli şübhəli nüanslar var. Həmin nüanslardan biri ondan ibarətdir ki, İsmət Abbasovun nazirliyi sözügedən hesabatlarında Azərbaycanda süd istehsalının həcmi barədə bir kəlmə də olsun söz açmır. Məlum da olmur ki, niyə nə səəə?
Əvəzində isə İsmət müəllimin nazirliyi 2010-cu ildəki hesabatında ölkədə ət və süd istehsalının artımına ciddi təsir edən bəzi bitkilərin əkilmədiyini bildirib. "Mal-qara ancaq otun, küləşin və kəpəyin hesabına yemləndirilir. Elə buna görə də mal-qaranın məhsuldarlığı çox aşağıdır",- hesabatda deyilir. Fikrimizcə, əslində bu məqamın özü Kənd Təsərrüfatı Nazirliyinin süd istehsalının həcmini niyə gizli saxlamasının göstəricisidir. Nazirlik dolayısı ilə etiraf etmiş olur ki, bu sahədə vəziyyət acınacaqlıdır, bəhanə isə aydındır: süd istehsalının artımına ciddi təsir edən bəzi bitkilərin əkilməməsi!
O da diqqət çəkəndir ki, İsmət Abbasovun nazirliyi fermerlərə müxtəlif bitki növlərinin əkilməsi üçün subsidiyaların verilməsini təklif edir. 2011-ci ildəki hesabatda da süd istehsalı ilə bağlı təxminən bu məzmunda "etiraf" və "təklif" oxuyuruq. Nazirlik təəssüflənir ki, hələ də südlük heyvanlar tam balanslaşdırılmış yemlə qidalanmır.
Nazirliyin təəssüfü barədə nə isə demək istəmirik; amma bunu mütləq qeyd etmək lazımdır ki, subsidiyalar barədə təklifdən "xoruzun quyruğu" görünür. Taxılçılıqla bağlı subsidiyalardan adıçəkilən nazirliyin ayrılan vəsaitləri necə istiqamətləndirdiyi hamıya məlumdur. Həmin subsidiyaların korrupsiyaya yol açdığı yönündə mətbuat davamlı yazır. İndi belə çıxır ki, bundan kimlərinsə "dişində şirə" qalıb və heyvandarlıq məhsullarının istehsalında artıma nail olmaq adı ilə müxtəlif bitki növlərinin əkilməsi üçün subsidiyaların da ayrılmasına nail olmağa, həmin vəsaitlərin bir qismini təyinatından yayındırıb mənimsəmək planlaşdırılır.
Halbuki hər kəs fərqindədir ki, subsidiyalar hesabına nəyəsə nail olmaq çətindir, necə ki, taxılçılığa yönəldildiyi iddia olunan subsidiyalar heç bir ciddi dönüşə gətirib çıxarmadı. Azərbaycan hələ də ixrac edilən taxıla məhkum olan ölkə statusundadır. Bəs nə etməli? Yəqin ki, İsmət Abbasovun nazirliyində də çoxları başa düşürlər ki, bu sualın cavabı aqrar sektoru da çulğalamış inhisarçılığa son qoymaqdır. Heyvandarlıq təsərrüfatlarının iri məmurların, icra başçılarının nəzarətindən çıxarmaq, rəqabət mühiti yaratmaq, fermer fəaliyyətlərinə qanunsuz müdaxilələri aradan qaldırmaqdır.
Və sonda daha bir maraqlı məqama diqqət çəkmək istəyirik: araşdırmalarımız zamanı müəyyən etdik ki, 2008-ci ildə ölkədə bir inək və camış təqribən 1100 litr süd verib. Ötən il isə məhsuldarlıq 1135 litrə çatıb. Halbuki Latviya və Estoniya kimi Baltik ölkələrində bu rəqəm ən azı 4 dəfə çoxdur - belə ki, həmin ölkələrdə bir inəyin süd üzrə məhsuldarlığı hətta Almaniya səviyyəsinə çatıb - daha da konkretləşdirsək, 5000-7000 litr olub.
Statistikaya əsasən, süd istehsalına görə Azərbaycan nəinki Qərb ölkələrindən, hətta 12 MDB ölkəsi arasında da axırıncı yerlərdən birini tutur.
İndi aqrar sektorun inkişafı haqqında danışan Kənd Təsərrüfatı Nazirliyinin rəsmilərindən soruşuruq: Azərbaycanda aqrar sektorun yerlərdə süründüyünün növbəti konkret sübutlarından biri olan bu biabırçılığı nə ilə izah edirlər? Necə olur ki, Azərbaycan son illərdə neft pulları hesabına bu qədər varlanmasına rəğmən bizdə kənd təsərrüfatının durumu bu qədər acınacaqlıdır?!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00