“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask “Tesla”nın səhmlərinin dəyəri bazar ertəsi yeni rekord vurduqdan sonra “Bloomberg” agentliyi tərəfindən tərtib olunan dünyanın ən zəngin insanlarının reytinqində dördüncü pilləyə yüksəlib.
Unikal.org xəbər verir ki, Maskın sərvəti 84,4 mlrd dollara çatıb. O, “Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun rəhbəri Bernar Arnonu (84,6 mlrd dollar) beşinci pilləyə sıxışdırıb.
Liderlər üçlüyü isə dəyişilməz qalıb. Belə ki, ilk pillədə “Amazon”un rəhbəri Ceff Bezos (188 mlrd dollar), ikinci yerdə “Microsoft”un başçısı Bill Qeyts (121 mlrd dollar), üçüncü cərgədə isə
“Facebook”un lideri Mark Zukerberq (99 mlrd dollar) qərarlaşıb.
“Bloomberg” qeyd edir ki, bazar ertəsi “Tesla”nın səhmləri 11%, 1835,64 dollaradək bahalaşıb. İl ərzində isə şirkətin səhmləri 339%, Maskın sərvəti isə 57,2 mlrd dollar artıb.