Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “eSAS” Elektron Sosial Aktivlik Sistemi yaradılıb və onun üzərindən nazirliyin Könüllülük Proqramı təsis edilib.
Unikal.org xəbər verir ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli 1748 nömrəli Sərəncamı ilə ölkəmizdə 2020-ci il “Könüllülər ili” elan olunub.
“eSAS” Elektron Sosial Aktivlik Sistemi yaradılması və onun bazasında nazirliyin Könüllülük Proqramı hazırlanmasında məqsəd məhz gənclərin şəxsi inkişafı, informasiya texnologiyaları üzrə biliklərinin və rəqəmsal bacarıqlarının artırılması, onların maarifləndirilməsi, yaradıcı ideya və innovativ təşəbbüslərinin dəstəklənməsi, o cümlədən asudə vaxtlarının səmərəli təşkilidir.
“eSAS” Könüllüləri elektron xidmət və müraciətlər, sayt və sosial şəbəkələrlə iş, onların daima nəzarət altında saxlanılması və onlayn aktivliyin təmin edilməsi, şərh, sual, şikayət və təkliflərə vaxtında baxılması və aidiyyəti üzrə məlumatın verilməsi üzrə fəaliyyət göstərəcəklər. Eyni zamanda, internet resurslarında və dünya ictimaiyyətində Azərbaycan haqqında yayılan dezinformasiyaların aşkarlanması və aidiyyəti üzrə məlumat verərək həmin məlumatların təkzib edilməsində iştirak edəcəklər.
Bununla yanaşı, “eSAS” Könüllüləri nazirliyin aparatı, struktur bölmələri, strukturuna daxil olan qurumlar və ya strukturuna daxil olmayan tabeliyindəki qurumlarda təcrübə keçmək imkanı əldə edəcəklər. Həmçinin, onlar nazirlik tərəfindən keçirilən müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər, təlim və seminarlarda yerli və xarici qonaqların qarşılanması, qeydiyyatı, yönləndirilməsi, müşayiət olunması, məlumatlandırılması, tədbir məkanının təşkil olunması və digər texniki-təşkilati işlərin həyata keçirilməsinə cəlb ediləcəklər.
“eSAS” Könüllülük Proqramını müvəffəqiyyətlə bitirən könüllülərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından müvafiq sertifikatlar təqdim olunacaq. Ən fəal, müvafiq ixtisas və peşə biliklərinə malik, qanunvericiliyin tələblərinə uyğun olaraq, müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçən könüllülərin nazirliyin struktur bölmələri, strukturuna daxil olan qurumlar və ya strukturuna daxil olmayan tabeliyindəki qurumlarda işlə təmin olunmasına köməklik göstəriləcək.
“eSAS” Könüllülük Proqramına qoşulmaq istəyən gənclər www.esas.az internet resursunun “Qeydiyyat” bölməsinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, daha ətraflı məlumatı www.esas.az saytından əldə etmək mümkündür.