Suraxanı rayonunda tarixi abidənin ərazisinin zəbt olunmasının qarşısı alınıb.
Bu barədə Unikal.org-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən tarix-mədəniyyət abidələrinin qorunması istiqamətində işlər aparılır:
"Suraxanı rayonunda yerləşən və öz unikallığı ilə digər Abşeron ovdanlarından fərqlənən “Müzəffər” ovdanının ətrafı bir müddət öncə qanunsuz olaraq zəbt edilib. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətdən sonra abidənin ərazisinin zəbt edilməsinin qarşısı alınıb. Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz hasarlar sökülüb. Hazırda abidənin ətrafında təmizlik işləri görülür".
Qeyd edək ki, qədim karvan yolunun üstündə yerləşən XIX əsrin əvvəllərinə aid “Müzəffər” ovdanı iki quyudan ibarətdir.