Erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyi və ona pensiya ödənişi dayandırılmayıb.

Unikal.org-un məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O bildirib ki, F.Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilib: "Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. F. Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir. Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkarlandıqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır". 

Qeyd edək ki, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “6 ildən artıqdır erməni girovluğunda saxlanlılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kəsilib” deyə bildirib.