“Mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur”
Unikal.org xəbər verir ki, bunu Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov haqqında cinayət işinin açıldığı barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, on-on beş günə Azərbaycana qayıdacağam”,-deyə Əli Həsənov sosial şəbəkədəki açıqlamasına əlavə edib.
Xatırladaq ki, bu gün sosial şəbəkə resurslarında KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda məlumat yayılıb.
İddia olunub ki, Ə.Həsənovun Türkiyədə müalicə aldığı xəstəxana ilə əlaqə saxlanılıb və onun səhhətinin təyyarəyə minməyə imkan verib-vermədiyi öyrənilib.
“Ə.Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək”.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bu məsələ ilə bağlı bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.