Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşını almaq məqsədilə mütəmadi olaraq həyata keçirilən maarifləndirmə, təbliğat tədbirləri Mehdiabad, Novxanı, Masazır, Digah, Məmmədli və Görədil kənd və qəsəbələrində davam etdirilib. Rayon icra hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilir, sakinlərlə söhbətlər aparılır.
Unikal.org xəbər verir ki, Abşeron rayonunun kənd və qəsəbələrində keçirilən növbəti reydlər zamanı satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb. Eyni zamanda karantin qaydalarının pozulması hallarına yol veriləcəyi halda ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.
Rayon ərazisində fəaliyyət göstərən kafe-restoranlarda da karantin rejiminin tələblərinə riayət olunub-olunmamasını müəyyənləşdirmək məqsədi ilə reyd keçirilib. Aparılan monitorinqlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, qaydalara ümumən düzgün riayət edilməsi müşahidə olunub. Aşkar edilən nöqsanlar yerindəcə aradan qaldırılıb və mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.