Ermənistanda 11 nəfər alkoqoldan zəhərlənərək ölüb.

Unikal.org "news.am"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, avqustun 31-i və sentyabrın 1-də Armavir Tibb Mərkəzinə 10 nəfər zəhərlənmə şübhəsi ilə gətirilib, ilkin olaraq onlara alkoqoldan zəhərlənmə diaqnozu qoyulub.

Xəstəxanaya gətirilən şəxslərdən 3-ü orada ölüb. İrəvandakı "Ermənistan" klinikasına aparılan 4 nəfər isə orda vəfat edib.

Digər 1 nəfər İrəvanın "Erebuni" Tibb Mərkəzində reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Həkimlər Armavir Tibb Mərkəzindən "Ermənistan" klinikasına köçürülən daha iki nəfərin də vəziyyətinin ağır olduğunu bildirib.

Armavir vilayətindən eyni simptomlarla "Ermənistan" klinikasına müraciət edən 1 nəfər isə tibbi yardımdan imtina etdiyi üçün xəstəxanadan buraxılıb.

Həkimlər İrəvandan da 4 nəfərin eyni simptomlarla "Ermənistan" klinikasına gətirildiyini, onların da öldüyünü bildirib.

İlkin məlumata görə, son iki gündə 11 nəfər vəfat edib.

Bir nəfərin də zəhərlənmə diaqnozu ilə İrəvandakı "Heratsi" xəstəxanasına yerləşdirildiyi bildirilib.

Kütləvi zəhərlənməyə səbəb olmuş alkoqollu içkinin istehsalı ilə məşğul olan şəxs artıq həbs olunub. Ermənistan Xüsusi İstintaq Xidməti Armavir sakini Aşot Ovsepyanın həbs olunduğu barədə açıqlama yayıb.