“Xəzər dənizin çirklənməsinin bir neçə əsas istiqaməti var. Çirklənmənin ən böyük səbəbi qurudan daxil olan və ya quruda həyata keçirilən fəaliyyət nəticəsində yaranan çirklənmədir”.
Unikal.org-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı verilişdə Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.
Onun sözlərinə görə, ən böyük tullantı Xəzər dənizinə çaylar vasitəsilə daxil olur: “Eyni zamanda, sahil ərazilərində təsərrüfat fəaliyyətindən, məişət tullantıları nəticəsində çirklənmə davam edir. Bu, çox böyük problemdir. Biz Xəzərə tullantı sularının tökülməsinin nəzarətə götürülməsi, hesabatlılığın təmin edilməsi axıdılan suyun həcmi və keyfiyyəti barədə kifayət qədər dolğun məlumatların toplanması, ərazilərin xəritələşdirilməsi barədə dəfələrlə demişik və bu problemlərin həlli istiqamətində işlər görməyə çalışırıq. Təəssüflə deyirəm ki, Xəzər dənizinə külli miqdarda çirkli su daxil olur. Bu da əsasən qaynar nöqtələrdən olur. Qaynar nöqtələrdən biri Abşeron yarımadasıdır. Sözsüz ki, Xəzər dənizin çirklənməsində təkcə Azərbaycan rol oynamır. Xəzər regional dənizdir, 5 Xəzəryanı dövlətdən daxil olan tullantılar da səbəb olur.
Bundan çıxış yolu təmizlənməmiş tullantı sularının Xəzər dənizinə axıdılmasının qarşısının alınması və tullantı sularının təmizləyici qurğularda müvafiq standartlara uyğun təmizlənməsinin təmin edilməsidir. Nazirlik tərəfindən hər iki istiqamətdə fəaliyyət aparılır. Təəssüf ki, Bakı şəhəri, Abşeron yarımadasında çox böyük faizdə mərkəzləşmiş kanalizasiya sistemi mövcud deyil. Təmizləyici qurğuların çox hissəsi ya köhnə olduğu üçün işləmir, olanlar da normativlərə uyğun təmizləməni təmin etmir. Bunun nəticəsində də Abşeron yarımadasından Xəzər dənizinə gündə təxminən 1 milyon kubmetr çirkli su axır. Bunu Azərbaycanda bütün Xəzərin sahilinə aid etsək rəqəm 2 dəfə artır. Bunun müqabilində, Bakıda su təchizatı ilə bağlı problemlər yaranıb”.
Şöbə müdiri qeyd edib ki, ümumiyyətlə, iqlim dəyişmələri nəticəsində sudan qeyri-səmərəli istifadə, su itkilərinin çox olması səbəbindən son zamanlarda, xüsusilə yay aylarında Azərbaycanda su ehtiyatlarında çatışmazlıqlar hiss olunur: “Bunun həll olunması üçün müvafiq komissiya yaradılıb və dövlət başçısı tərəfindən 2020-2022-ci illərdə sudan səmərəli istifadənin təmin edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Həmin tədbirlər planındakı bəndlərdən biri də sudan təkrar istifadə, yəni tullantı sularının emal olunaraq təkrar istifadəyə yönəldilməsi məsələləridir. O cümlədən suvarmada və digər texniki məqsədlər üçün istifadəsi nəzərə tutulur. Nazirlik olaraq bizim fikrimiz ondan ibarətdir ki, tullantı sularının dənizə axıdılması yox, o sudan email olunaraq təkrar texniki məqsədlə istifadəsidir, Bakıda kifayət qədər texniki suya ehtiyac var. O cümlədən yaşıllıqların suvarılması üçün kifayət qədər suvarma suyuna ehtiyac var. Suvarma suyu kimi yüksək keyfiyyətlə təmizlənmiş içməli sudan istifadə olunur. Bu, məntiqə sığmayan bir şeydir. Son zamanlar dənizlərin, okeanların çirklənməsinin səbəblərindən biri də plastik çirklənmələrdir. Hazırda dənizdə fəaliyyət göstərən neft şirkətləri müasir texnologiyalardan istifadə edirlər. Onların fəaliyyəti tam nəzarət altında olduğu üçün tullantıların qat-qat azaldılmasına, bir sıra hallarda minimuma endirilməsinə nail olunub. Amma yenə də fəaliyyət zamanı sözsüz ki, tullantılar olur və bu da ətraf mühitə, Xəzərin biomüxtəlifliyinə, su bioloji resurslarına mənfi təsir göstərir”.