Belçikanın Vervye şəhərində fəhlələr təmir işləri zamanı fəvvarədə mücrü tapıblar. Onun içində isə şəhərin birinci meri Pyer Davidin ürəyi aşkar olunub. 

Unikal.org BBC-yə istinadla xəbər verir ki, mücrü fəvvarəyə 1883-cü ildə yerləşdirilib.

Sink qutu konstruksiyanın daşlarından birinin altında gizlədilmişdi. 

Vervyenin əsasını qoyan Pyer David 1839-cu ildə 68 yaşında vəfat edib. Merə böyük ehtiramla yanaşan şəhər sakinləri onun xatirəsini qeyri-adi üsulla əbədiləşdirmək qərarına gəliblər.

Şəhər hakimiyyəti onun şərəfinə abidə ucaltmaq üçün fond təsis edib və ailəsinin razılığı ilə cərrahlar Davidin ürəyini çıxararaq konservləşdiriblər. Şəhərə layiqli abidə ucaltmaq üçün  lazımi məbləği toplamağa onilliklər lazım olub.

“Pyer Davidin ürəyi təntənəli surətdə 1883-cü il iyunun 25-də abidəyə yerləşdirilib”, - mücrünün üstündə yazılıb.