Sentyabrın 3-də saat 19 radələrində Salyan rayonu, Boranıkənd kəndi ərazisində 1993-cü il təvəllüdlü Hilal Hüseynovun bıçaqlanması və aldığı xəsarətlərdən Salyan rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Unikal.org-a Salyan Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qonşusu 1979-cu il təvəllüdlü Rəşad Əhədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Hilal Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Əhədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.