Bakı Mühəndislik Universiteti (BMU) 2020/2021-ci tədris ilinə bir sıra yeniliklərlə qədəm qoyur.
Unikal.org xəbər verir ki, yeni tədris ilindən BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında ilk dəfə İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsinə başlanılır. Bununla yanaşı, BMU-nun nəzdində Xırdalan Seconq İnstitutunda bu ilin sentyabr ayından etibarən ödənişsiz Koreya dili kursları təşkil olunacaq.
Digər bir yenilik ondan ibarətdir ki, cari tədris ilində universitetdə İnformasiya təhlükəsizliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) kimi yeni ixtisaslar yaradılıb. Ümumilikdə son dövrlər BMU-da hazırki əmək bazarında daha çox tələb olunan 15 yeni ixtisas yaradılıb və bu ixtisasların tədrisi üçün universitetdə geniş perspektivlər, imkanlar, elmi-pedaqoji kadrlar vardır.
Universitet mövcud pandemiya şəraitində tələbələrin tədrisə marağının azalmaması məqsədilə bir sıra yeni layihələrin həyata keçirilməsini də nəzərdə tutur.
Qeyd olunanlarla yanaşı, universitetin maddi-texniki bazasının gücləndirilməsi işləri də davam etdirilir. BMU-nun ən müasir tələblərə cavab verən laboratoriyaları və ayrı-ayrı auditoriyaları yeni avadanlıqlarla təchiz edilib, yeni ağıllı lövhələr, monobloklar, kompüterlər, noutbuklar, proyektorlar, çox funksiyalı çap maşınları və s. avadanlıqlar alınıb.
Bundan əlavə universitetin yeni tədris korpusunun tikintisi başa çatmaq üzrədir.
Yeri gəlmişkən onu da nəzərə çatdıraq ki, BMU-da tələbələrin yaşayışı üçün hərtərəfli şərait mövcuddur. Universitetin ən müasir tələblərə cavab verən, oğlanlar və qızlar üçün nəzərdə tutulan iki böyük yataqxanası fəaliyyət göstərir. Həmin yataqxanaların maddi-texniki bazasının gücləndirilməsi daima diqqətdə saxlanılır.
Qarşıdakı dövrdə BMU-da təhsil alan tələbələrin əmək bazarında özlərinə iş tapmaları, həmçinin istehsalatla kadr ixtisası arasındakı əlaqələrin inkişafı istiqamətində görülən işlər də gücləndiriləcək və bununla bağlı yeni layihələr icra olunacaq. Universitet tələbələrinin təcrübə yerlərinin müəyyənləşdirilməsi, məzunlarının işlə təmin edilməsi məqsədilə nüfuzlu özəl və dövlət qurumları ilə əməkdaşlıq yeni müstəvidə davam etdiriləcək.
BMU-nun tələbə klublarının da mövcud pandemiya şəraitində fəaliyyətinin aktivləşdirilməsi planlaşdırılır. Xatırladaq ki, BMU tələbə klublarının sayına (49 tələbə klubu) və tələbə fəaliyyətlərinin müxtəlifliyinə görə ölkəmizin universitetləri arasında ən aparıcı yeri tutur.