Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirilib.
Unikal.org xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, ayrı-ayrı regionlardan olan din xadimləri, respublikanın müxtəlif məscidlərinin imamları iştirak ediblər.
Görüşdə çıxış edən Anar Ələkbərov müstəqillik illərində dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşdığını, Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyinı qeyd edib. Bildirib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşır. Qeyd olunub ki, Azərbaycanda dövlət-din münasibətləri, dinlərarası əlaqələr sağlam zəmin üzərində qurulub. Bu, dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu gün dünyanın bir çox ölkəsində dini zəmində zorakılığın, münaqişələrin şahidi olsaq da, Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi seçilir. Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu, bütün dinlərin, etnik qrupların nümayəndələrinin bir ailə kimi sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığı qeyd edilib.
Bu sahədəki nailiyyətlərimizin dünya birliyində yüksək qiymətləndirildiyi, Bakıda dünya dini liderlərinin birinci və ikinci sammitlərinin keçirildiyi, 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyi, bütün bu kimi tədbirlərin dini tolerantlıq sahəsindəki uğurlarımızın təzahürü olduğu diqqətə çatdırılıb.
Anar Ələkbərov ölkəmizin demək olar ki, bütün bölgələrində, hər bir rayonunda məscidlərin inşa olunduğunu və ya bərpa edildiyini, yeni məscidlərin açıldığını bildirib. Bütün bunlar bir daha göstərir ki, dövlət siyasətində tarixi keçmişimizin unudulmaması, gələcək nəsillərin milli-mənəvi dəyərlərə daha çox bağlanması mühüm yer tutur. Son illər Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində, İmamzadə dini kompleksində geniş tikinti və yenidənqurma işlərinin həyata keçirildiyi bildirilib. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin tapşırığı ilə Şuşa məscidinin bənzəri olan məscidin tikilməsinin və uzun fasilədən sonra burada azan səsinin ucalmasının əlamətdar hadisə olduğu diqqətə çatdırılıb.
Məscidlərlə yanaşı, ölkəmizdə kilsələr, sinaqoqlar təmir edilir. Eyni zamanda, Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların fəaliyyəti üçün şərait yaradıldığı, mövcud problemlərin həlli istiqamətində mühüm addımlar atıldığı bildirilib.
Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanıb. Fond reallaşdırdığı layihələrlə müxtəlif xalqlar və dinlər arasında dostluq, həmrəylik kimi dəyərlərin bərqərar olmasına öz töhfələrini verməkdədir. Fondun "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb. Hazırda isə Heydər Əliyev Fondu tərəfindən Bakının Xəzər rayonunun Binə qəsəbəsində Möhsün Səlim məscidində təmir işləri aparılır, Şamaxı rayonundakı Pirsaat Baba ziyarətgahında yenidənqurma işləri həyata keçirilir, ziyarətgahın ərazisində yeni məscid binası inşa olunur. Həmçinin Şamaxıdakı Pir Ömər Sultan ziyarətgahında arxeoloji tədqiqatlar aparılıb və türbənin qorunub saxlanılması məqsədilə konservasiya işlərinin layihələndirilməsi davam edir. Şəki şəhərindəki Xan məscidində təmir-bərpa işlərinə başlanılıb, Qəbələ rayonunun Nic kəndində qədim alban kiləsində yenidənqurma işləri aparılır, İsmayıllı rayonunun Lahıc qəsəbəsində Bədöyün məscidi əsaslı təmir olunur.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərinin möhkəmləndirilməsi və dinlərarası dialoqun genişləndirilməsi istiqamətində səyləri vurğulanıb. Bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə, o cümlədən dindarların həyatına da təsirsiz ötüşmədiyini deyib. Qeyd edib ki, yeni növ koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Beynəlxalq təcrübə və ilk növbədə, insan həyatının qorunması əsas götürülərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu ilin mart ayından məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər müvəqqəti olaraq dayandırılıb. İnsanların sağlamlığının qorunması baxımından atılmış bu addımın istər din xadimləri, istərsə də əhali tərəfindən anlayışla qəbul olunduğu minnətdarlıqla diqqətə çatdırılıb. Qeyd olunub ki, virus səbəbindən dünya zəvvarlarının, o cümlədən çoxsaylı vətəndaşlarımızın Həcc ziyarəti arzusu baş tutmayıb, Məhərrəmlik ayı ərzində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi qərara alınıb, eyni zamanda, Ramazan və Qurban bayramlarında dini ayin və mərasimlərin keçirilməsi mümkün olmayıb. İnsanlar məscidlərdə bayram namazını birlikdə qıla bilməsə də, televiziya kanallarında müxtəlif məscidlərin imamlarının iştirakı ilə qılınan namaz canlı nümayiş olunub və bu da pandemiya şəraitində insanlar tərəfindən rəğbətlə qarşılanıb.
Anar Ələkbərov qeyd edib ki, pandemiyanın başlanğıc mərhələsində karantin rejimi və tətbiq olunan bir sıra məhdudiyyətlərin iqtisadi sahədə çətinliklərə yol açacağı proqnozlaşdırılsa da, Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq müəyyənləşdirib, hökumətin fəaliyyəti də bu strategiya üzərində qurulub.
Azərbaycan Prezidentinin köməkçisi ötən dövr ərzində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda aparılmış müzakirələr və görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən müddət ərzində xüsusi rejimli xəstəxanalar lazımi avadanlıqla təchiz edilib, təlimlər keçirilərək kadr hazırlığı təmin olunub, əhalinin ehtiyacları qarşılanıb, xaricdəki soydaşlarımızın ölkəyə gətirilməsi təşkil olunub. Qəbul edilən qərarlar və görülən təbdirlər nəticəsində xəstəliyin nəzarət altına alındığı, səhiyyə sisteminin mövcud çağırışa uyğun olaraq qurulduğu qeyd edilib.
Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, belə müzakirələrin əhəmiyyəti qeyd olunub. Çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndiriblər və ölkəmizdə bu sahədə görüləcək işlərə dair müzakirələr aparılıb.