Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 9 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.
Unikal.org bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (Bakı Limanı) istinadən xəbər verir.
Məlumatda həmçinin deyilir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə “Mənfi” çıxıb.
Xatırladaq ki, bu il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 228 Qazaxıstan vətəndaşı və 142 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.