Sentyabrın 4-də saat 14.00 radələrində paytaxtın Nərimanov rayonu, M.Sənani küçəsi 41 ünvanında kranın yaşayış binasının üzərinə aşması nəticəsində bir nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğdan Unikal.org-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyənləşib ki, qeyd edilən ünvanda “Qarant İnşaat 2012” MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı sifariş əsasında fəalliyət göstərən “Kran Group” MMC-yə məxsus kranın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədilə sürücü kabinəsinə qalxmış 1983-cü il təvəllüdlü Elvin Cəfərov kranın aşması nəticəsində hadisə yerində ölüb, o cümlədən həmin ərazidə olan 6 avtomobil və kranın üzərinə aşdığı 9 mərtəbəli yaşayış binasının 3 mənzilinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla, cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə intensiv və zəruri istintaq hərəkətləri davam etdirilir.