Abşeron rayonun Qobu qəsəbəsində növbəti küçənin - Sona Salmanova küçəsinin asfaltlanmasına başlanılıb.
Unikal.org xəbər verir ki, bununla əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin başçısı əraziyə gələrək görülən işlərlə yerindəcə tanış olub. Bildirilib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir.
İmzalanan sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19.7 milyon (on doqquz milyon yeddi yüz min) manatı ayrılıb.
Vurğulanıb ki, dövlət başçısının imzaladığı sərəncama əsasən hazırlanan layihələr əsasında Qobu qəsəbəsində isə 4 küçədə təmir-tikinti işləri həyata keçirilir. Bu Qara Qarayev, Aşur Həsənbalayev, Sona Salmanova və Çingiz Mustafayev küçələridir. Sözügedən küçələrin ümumi uzunluğu 6.8 km, təmir olunan sahə isə 62 min kv.m-dən çoxdur. Küçələr boyu torpaq işləri, yol əsasının tikintisi və hazır olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yaxın günlərdə təmiri nəzərdə tutulan sonuncu küçədə - 860 metr uzunluğa malik Mirzə Ələkbər sabir küçəsində də yenidənqurma işlərinə start veriləcək.
Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir.
Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Daha sonra sakinlərlə görüşən başçı onların təkliflərini dinləyib. Sakinlər kənd ərazisində yüksək keyfiyyətli asfalt örütüyünün çəkilməsi ilə əlaqədar cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Bundan sonra görülməsi vacib olan məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verilib.