Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə ixtisasının tələbəsi Gülər Mikayıllı Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyələşdirdiyi Erasmus+ mübadilə proqramında iştirak edib.
Unikal.org xəbər verir ki, BMU-nun tələbəsi semestr ərzində beynəlxalq bizneslə əlaqəli olan mövzuları öyrənməklə yanaşı, “Sprachen/Internationales” şöbəsində təcrübə də keçib. Bu təcrübələr ona gələcək karyerası üçün çox faydalı və dəyərli bilik, məlumat və bacarıq qazandırıb.
Mübadilə proqramında aktiv iştirak edən BMU-nun tələbəsi bu dövrün həyatının ən maraqlı 6 ayı olduğu söyləyib və bu haqda öz təəssüratlarını bölüşüb. Mübadilə semestrindən əvvəl Almaniyaya gəlməyin ən böyük xəyallarından biri olduğunu deyən G.Mikayıllı RheinAhrCampus-da mübadilə semestrinin elanını gördükdə bu proqrama müraciət etmək qərarına gəlib: “Remagen şəhərinə gəldiyim zaman təəssüf ki, ilk vaxtlar mövcud pandemiya səbəbindən universitet, mağazalar, kafelər, demək olar ki, hər yer bağlanmışdı. Əvvəlcə hər şey çətin görünürdü. Ancaq zaman keçdikcə hər şey daha asan, daha əyləncəli və maraqlı oldu. Mən mübadilə proqramında iştirak edən koreyalı tələbələrlə birlikdə qalırdım. Onlarla bir yerdə yaşamaq çox gözəl və maraqlı idi. Bir müddət sonra digər mübadilə proqramlarında iştirak edən tələbələrlə görüşürdük. Ümumiyyətlə, xaricdən gələn tələbələrlə görüşmək, yeni insanlar və mədəniyyətlər, müxtəlif dillərlə tanış olmaq, birlikdə vaxt keçirmək çox maraqlı və əyləncəli idi”.
O, burada alman dilini daha da təkmilləşdirdiyini fikirlərinə əlavə edib və Almaniyanın şəhərlərinə, eləcə də Yunanıstana, Hollandiyaya etdikləri səfərlər zamanı gördüklərindən bəhs edib: “Səyahət etməyi çox sevməyimə baxmayaraq pandemiya səbəbindən uzun müddət səyahət edə bilmədik. Ancaq son aylarda vəziyyət normallaşdıqca digər tələbələrlə daha çox görüşdük, hətta səyahət etmək üçün yaxın şəhərlərə və ölkələrə getməyə başladıq. Sonsuz meşələri ilə heyrətləndirici görünüşə sahib olan “Schwarzwald”a, Almaniyanın Hamburq və Berlin kimi digər şəhərlərinə səyahətimiz oldu. Bundan başqa, son həftələrdə Yunanıstana getdik, günəşdən, çimərlikdən və yeməkdən zövq aldıq. Yunanıstanda həyatımda ilk dəfə dənizdə üzdüm. Amsterdama da səyahətimiz oldu. Van Qoq muzeyinə getdik, Van Qoqun çoxlu sayda möhtəşəm rəsm əsərləri gördük”.
G.Mikayıllı dünyanın müxtəlif ölkələrindən digər mübadilə proqramında iştirak edən, xeyirxah və gözəl insanlarla tanış olduğu və onlarla dostluq etdiyi üçün özünü çox şanslı və xoşbəxt hesab edib. O, bu semestri unudulmaz və əvəzolunmaz etdikləri üçün “Sprachen/Internationales” komandası və mübadilə proqramında iştirak edən tələbələrə və əməyi keçən hər kəsə təşəkkür edib, tələbələrə isə bir çox məsələlərdə tövsiyələrini dilə gətirib: “Mən bunu həyatımda ilk dəfədir edirəm” cümləsini istifadə etdiyimin bu yaxınlarda fərqinə vardım. Evimdən uzaqlaşmağım, okeanda ilk dəfə üzməyim, ilk dəfə düşərgə salmağım kimi bir çox şeyi ilk dəfə burada sınadığım sübutdur. Düşünürəm ki, hər bir tələbə bir semestrlik tələbə mübadilə proqramında iştirak etməlidir. Gələcəkdə mübadilə proqramında iştirak edəcək tələbələr üçün bir məqam da hər anın dəyərini bilmək, bütün fəaliyyətlərə, tədbirlərə və məclislərə qatılmaq, tez yatmamaq, heç bir anı qaçırmamaqdır. Çünki semestr bitdikdən sonra onun hər bir detalı üçün darıxacaqsınız”.