Baş Prokurorluq Oğuz rayonunda qanunsuz ağac kəsmə ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən Unikal.org-a daxil olan məlumatda deyilir:
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Belə ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyliyinin 9 saylı, Xaçmaz meşəbəyliyinin 9 və 11 saylı dolayında köküstə ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olan material üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılan araşdırmalarla Oğuz meşəbəyliyinin 9 saylı dolayında 129 ədəd qovaq, Xaçmaz meşəbəyliyinin 9 saylı dolayında 5 ədəd qovaq və 11 saylı dolayında 192 ədəd qızılağac və yalanqoz cinsli ağacların məhv edilməsi nəticəsində təbiətə 24 min 688 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Oğuz Rayon Prokurorluğuna tapşırılıb.
"Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir", - Mətbuat Xidmətindən bildirilib.