Türkiyədə Misir variantı hazırlanır?
15:56 15-12-2012
CƏMİYYƏT
Türkiyədə Misir variantı hazırlanır?
Türkiyə müxalifəti: "Ərdoğanı Mursinin aqibəti gözləyir"
Pənah Hüseyn: "Türkiyədə Avropa standartları ilə tutuşdurula biləcək demokratik dəyərlər cəmiyyətə hakimdir və
bu dəyərlərin sütunlarını sarsıtmaq o qədər də asan iş deyil"
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ümidlərinə baxmayaraq, güman ki, bu ölkənin konstitusiya komissiyası bu ilin sonuna qədər ölkənin yeni əsas qanun layihəsini razılaşdırmayacaq. Müxalifət deputatları bildiriblər ki, Türkiyəni prezident respublikasına çevirmək və cəmiyyətdə islam dininin rolunun gücləndirilməsini nəzərdə tutan təşəbbüsü dəstəkləməyəcəklər.
Belə bir reaksiya Ərdoğan üçün ciddi siqnaldır və Misirdə baş verən hadisələrlə səsləşir.
Xatırladaq ki, Misirdə islamçıların konstitusiyanı dəyişdirmək cəhdləri ölkəni qarışdırdı və bu xoşagəlməz durum ölkədə hakimiyyət böhranı yaradıb və böhran getdikcə dərinləşməkdədir.
Ərdoğan ümid edirdi ki, anayasa komissiyası ölkənin yeni əsas qanun layihəsini dekabrın 31-dək razılaşdıracaq və artıq yeni ildə bununla bağlı ümumxalq referendumu keçirtmək mümkün olacaq. Lakin deyəsən, bu gözləntilər özünü doğrultmayacaq.
Ərdoğan bu günlərdə etiraf edib ki, "Yeni konstitusiyanın hazırlanması ilə bağlı lənglik onu narahat edir". O öz partiya silahdaşlarından tələb edib ki, "prosesi sürətləndirsinlər" və komissiyanın müxalifətdən olan üzvlərinə "şans verməsinlər".
Xatırladaq ki, Türkiyənin hakim islamçıları yeni konstitusiyanın qəbulunun vacibliyi barədə ilk dəfə 2007-ci ildə fikir söyləmişdilər. Üç ildən sonra keçirilən ümumxalq referendumunda dünyəvi prinsiplərin ənənəvi qarantı olan ordunun hüquqlarını məhdudlaşdıran ciddi təkliflər paketi qəbul edilmişdi. Türkiyə iqtidarı cəmiyyətin sürətlə islamlaşdırılması yolunda başlıca maneəni uzaqlaşdırandan sonra əlüstü yeni konstitusiya layihəsinin hazırlanmasına girişdi.
Konstitusiyanın hazırlanması üçün hər üç fraksiyadan üç deputatın və daha üç müstəqil deputatın daxil edildiyi xüsusi komissiya yaradıldı. Layihənin parlamentə təhvil verilməsi üçün komissiya üzvlərinin üçdə ikisinin səsi lazımdır. Hakim ƏİP belə bir şəraitdə opponentlərinin fikirləri ilə hesablaşmalıdır. Lakin müxaliflər bir sıra məsələlərdə hakimiyyətə güzəştə getməyə hazır deyillər. Fikir müxtəliflikləri məhkəmə sisteminin müstəqilliyinə toxunmaq, mətbuatın azadlığı, milli azlıqlar məsələsi, vətəndaşlıqla milliyyətin eyniləşdirilməsi ilə bağlıdır.
Hakim Ədalət və İnkişaf Partiyasının Türkiyənin parlamentli respublikadan prezidentli respublikaya çevirmək barədə təklifindən sonra komissiyada parçalanma daha da gücləndi.
Asiya və Afrika ölkələri İnstitutunun eksperti Pavel Şlıkovun sözlərinə görə, "Hazırda bu ən kəskin məsələdir və ilin sonuna qədər bunu həll etmək çətin məsələdir".
Ekspert hakimiyyətin bu təşəbbüsünü 2014-cü ilə planlaşdırılan prezident seçkiləri ilə izah edir. Yeri gəlımişkən, bu seçkilərdə Ərdoğanın qalib gəlmək şansı çox yüksəkdir.
Müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Atilla Qart bildirib: "Onlara sərf edən qanun layihəsinin keçməsini sürətləndirməyə cəhd etməklə ƏİP-nın komissiyadakı üzvləri ümumi işimizi ləngidirlər. Biz hakimiyyətin təzyiqi altında işləməyə hazırlaşmırıq".
Onun sözlərinə görə, "İndiki vəziyyətdə baş nazir Ərdoğanın ilin sonuna qədər layihə üzərində işi başa çatdırmaq mümkünsüz görünür."
Türkiyə müxalifəti xəbərdarlıq edir: Rəcəb Tayyib Ərdoğan və onun silahdaşları Misir rəhbərliyinin səhvini təkrar etmək risqinə əl atırlar, bu dəyşikliklər Türkiyəni İslam dövlətinə çevirə bilər.
Maraqlıdır ki, Misirin indiki prezidenti Mursi Türkiyənin baş naziri Ərdoğanı dəfələrlə özünün müəllimi və qardaşı adlandırıb.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseynin sözlərinə görə, "Türkiyə müxalifətinə sayğımı ifadə etməklə bərabər bildirməliyəm ki, Misirdə baş verənlərlə Türkiyədəki prosesləri eyniləşdirmək cəhdləri kifayət qədər qüsurludur. Çünki Türkiyədə artıq mükəmməl şəkildə oturuşmuş və Avropa standartları ilə tutuşdurula biləcək demokratik dəyərlər cəmiyyətə hakimdir və bu dəyərlərin sütunlarını sarsıtmaq o qədər də asan görünəcək iş deyil. Hər bir halda Türkiyədə baş verənlər bu ölkənin daxili işidir və biz sadəcə, seyriçi kimi çıxış edə bilərik. Amma sözügedən layihə barədə kafi dərəcədə məlumatım var və deyə bilərəm ki, həmin layihədə Türkiyənin İslam dövlətinə çevrilməsi nəzərdə tutulmur".
Natiq
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22