“Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində qeydə alınır”.
Unikal.org-un məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, bu məbləğ (staja görə yaranan kapital) indeksləşdirilir. 2006-cı ildən sonrakı bütün illərin indeksləşmə əmsalına uyğun olaraq aparılır. 2006-cı ilədək 25 il və ya daha çox stajı varsa, qeyd olunan qaydada kapitala çevrilir və pensiyanın məbləği hesablanır. Hesablanmış pensiyanın məbləği minimum pensiyadan az olduqda minimuma çatdırılmaqla ödənilir.
Yaşa görə minimim kapital tələbi 01.07.2018-ci ilədək 1 qəpikdir. Belə ki, 2019-cu ilin yanvarın 1-dən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, 2006-cı ildən sonra 2018-ci ilin iyunun 1-dək fərdi hesabında bir qəpik belə olsun pensiya kapitalı olan şəxslərin hər birinə 25 il sığorta stajı hədiyyə edilməklə əmək pensiyası təyin olunur.
Yaşa görə ümumi əsaslarla pensiyanın sığorta hissəsi 01.01.2006-cı ilədək staja əsasən formalaşan kapitalla 01.01.2006-cı ildən sonra ödəmiş olduğu sığorta haqlarına əsasən formalaşan kapitalın cəminin 144-ə nisbəti şəklində hesablanır. Belə ki, əmək pensiyalarının məbləği 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün şəxslərin sığorta stajına əsasən formalaşan kapitala və 2006-cı ilin yanvarın 1-dən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan və 2006-cı ildən sonrakı dövr ərzində sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır.
Ümumi əsaslarla yaşa görə pensiya təyinatı üçün vətəndaş pensiya yaşına çatılmalıdır, fərdi hesabının sığorta hissəsində pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Fərdi hesabın sığorta hissəsində pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə isə şəxsin azı 25 il sığorta stajı olmalıdır. 2020-ci il iyulun 1-dən pensiya təyin olunması üçün yaş həddi kişilərdə 65, qadınlarda isə 62 yaş müəyyən edilib.
Hazırda ölkəmizdə minimum pensiya məbləği 200 manat təşkil edir. Əmək pensiyasının məbləği vətəndaşın gəlirlərindən ödədiyi sığorta haqqından asılı olduğu üçün pensiyanın maksimum məbləğinə məhdudiyyət qoyulmayıb. Yəni vətəndaş nə qədər çox kapital toplayarsa, ödənişinin qarşılığında bir o qədər də çox pensiya ilə təmin olunur.