Azərbaycan səhiyyə və təhsil sahəsində irəliləyişə nail olub, amma öz insan kapitalını gücləndirməyə daha çox sərmayə qoymalıdır.
Unikal.org xəbər verir ki, bu barədə Dünya Bankının İnsan Kapitalı İndeksinin (İKİ) hesabatında deyilir.
Hesabata görə, Azərbaycanda gənclər, Avropa və Orta Asiya regionunun digər hissələrində olduğu kimi, uşaqlıq və yeniyetməlik illərində sağlamlıq və təhsilə davamlı yatırımlar sayəsində məhsuldar yetkin insana çevrilmək imkanına malikdirlər. Bu İndeksdə dünya ölkələrində insan kapitalının pandemiyadan əvvəlki vəziyyəti qiymətləndirilib.
Builki hesabatda 103 ölkənin 2010-2020-ci illər arasındakı dövrdə insan kapitalı sahəsində inkişafı təhlil olunur. Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir.
Lakin COVID-19 pandemiyası və onun nəticəsində əmtəə bazarlarında baş vermiş təlatümlər bu günədək əldə edilmiş nailiyyətləri təhlükə altına qoyur. İctimai sağlamlığın qorunması məqsədilə tətbiq edilmiş pandemiya ilə bağlı məhdudiyyətlər səhiyyə və təhsil xidmətlərinin təmin edilməsini bir sıra çağırışlarla üz-üzə qoyur.
Azərbaycanın IKI göstəricisi 0,58-ə bərabərdir, yəni bugünki şəraitdə Azərbaycanda doğulmuş uşağın böyüdüyü zaman optimal sağlamlığa və tam təhsilə malik bir yetkin insanın məhsuldarlığının 58 faizinə nail olacağı gözlənilir. Bu, yuxarı-orta gəlirli ölkələr üzrə orta göstəricidən bir qədər yüksəkdir. Bununla belə, Azərbaycanda insanların məhsuldarlığı baxımından inkişaf üçün hələ yer var. Məsələn, regionun inkişaf etməkdə olan iqtisadiyyatlarını götürsək, bu gün Polşada anadan olan uşaq, yetkin yaşa çatdıqda ideal məhsuldarlığın 75 faizinə nail ola biləcəyini gözləyə bilər.
“Avropa və Orta Asiya regionunda hökumətlər artım və inkişafın əsas hərəkətverici qüvvələri olan səhiyyə və təhsilə investisiya qoyuluşuna üstünlük verməkdə uğur qazanıblar. Bununla belə, COVID-19-un ortaya qoyduğu problemlər, insanların keyfiyyətli təhsil və səhiyyə xidmətləri almasını təmin etmək məqsədilə xidmətlərin göstərilməsini və sosial yardım proqramlarını təkmilləşdirmək üçün müasir texnologiyalardan daha çox istifadə də daxil olmaqla daha güclü siyasət reaksiyası tələb edir”, - Dünya Bankının Avropa və Orta Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde deyib.
Dünya Bankı və Azərbaycan Hökuməti tərəfindən bu yaxınlarda tamamlanmış “Sağ qal, Öyrən, İnkişaf et: Azərbaycanın iqtisadi artımını sürətləndirmək üçün strateji insan kapitalına investisiyaların yatırılması” adlı araşdırmada Azərbaycanda insan kapitalının formalaşdırılması və aktivləşdirilməsindəki irəliləyişlər və çağırışlar müəyyənləşdirilib.
Son 10 il ərzində Azərbaycanda uşaq ölümü və uşaqların inkişafdan geri qalması əmsalları əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, uşaqların təhsilə cəlb olunduğu illərin artmasına baxmayaraq, öyrənmə prosesinin nəticələrində bərabərsizlik artmaqdadır (imkanlı ailələrdən olan şagirdlərin Uyğunlaşdırılmış Təhsil Nəticələri üzrə göstəriciləri daha yoxsul ailələrdən olan şagirdlərin nəticələrindən üç illik təhsil müddətinə bərabər qədər yüksəkdir). Azərbaycan həmçinin artmaqda olan qeyri-yoluxucu xəstəliklər (QYX) yükü ilə üzləşir. Bu xəstəliklərin müalicəsi üçün vətəndaşların öz ciblərindən ödədikləri xərclər (cari səhiyyə xərclərinin 79 faizi vətəndaşların ciblərindən ödədikləri xərclərdir) QYX-in artımının qarşısını almaq üçün kifayət deyil.
Təhsil sektorunda insan kapitalının inkişafı problemlərinin öhdəsindən gəlmək üçün Azərbaycanda uşaqların erkən təhsil proqramlarına cəlb olunmasının genişləndirilməsi və ali təhsilin aktuallığının yaxşılaşdırması lazımdır. Səhiyyə sahəsində sistemin xroniki xəstəliklərə reaksiyası gücləndirilməli və daha yaxşı səhiyyə xidmətlərini təmin etmək üçün maliyyə resurslarının səmərəliliyi yüksəldilməlidir. Sosial müdafiə və məşğulluq sahəsində ölkənin ən həssas təbəqələrini dəstəkləmək üçün sosial yardıma investisiyaları artırmaq və aktiv əmək bazarı proqramlarının əhatə dairəsini və miqyasını genişləndirmək lazımdır.
"Azərbaycan əhalisi – onun "insan kapitalı" - ölkənin ən qiymətli resursudur və Dünya Bankı yaşindan, cinsindən və yaşadığı bölgədən asılı olmayaraq bütün ölkə əhalisinin rifahını və məhsuldarlığını daha da artırmaq üçün imkanları dəstəkləməyə sadiqdir", - Dünya Bankının Azərbaycandakı nümayəndəsi Sara Maykl (Sarah Machael) bildirib.
Dünya Bankının İnsan Kapitalı İndeksi uşağın sağ qalması (doğumdan 5 yaşa kimi), keyfiyyətə görə korreksiya edilmiş ibtidai və orta təhsilin gözlənilən müddəti; uşaqların inkişafdan geri qalması əmsalı; yetkinlərin sağ qalma əmsalı kimi kritik göstəricilər üzrə uşaqların doğumdan 18 yaşa qədər inkişaf trayektoriyasını əhatə edir.
Bu ilin martına olan məlumatlara əsasən, formalaşdırılmış 2020-ci il üzrə İKİ pandemiya sonrası bərpa üçün səhiyyə və təhsil siyasətlərini və investisiyalarını əsaslandırmağa kömək edə biləcək pandemiyadan öncəki çıxış vəziyyəti haqqında məlumatları təmin edir.