Yanukoviç Bakıya niyə gəlmişdi?
15:59 15-12-2012
CƏMİYYƏT
Yanukoviç Bakıya niyə gəlmişdi?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Ukrayna prezidenti Viktor Yanukoviçin Azərbaycana qəfil səfərini Rusiyanın son zamanlar bölgədə sərtləşən siyasəti ilə əlaqələndirir.
Elxan Şahinoğlu açıqlamasında Rusiya prezidenti Vladimir Putinin sərtləşdiyinə işarə edərək onun qonşu dövlətləri seçim qarşısında qoyduğunu bildirir: "Kreml təsir və təzyiq etmək imkanı olan ölkələri Gömrük Birliyinə (Rusiya, Belarus və Qazaxıstan) üzvlüyə və gələcək Avrasiya Birliyində yer almağa təhdid edir. Bu sırada Putinin ilk hədəf seçdiyi ölkələrindən biri Ukraynadır. Bu ölkə Rusiyanın enerji ixracından asılıdır. Kreml Kiyevə vəd verib ki, Gömrük Birliyinə üzv olacağı halda Ukrayna üçün qazın satış qiymətini azaldacaq.
Buna baxmayaraq Ukrayna prezidenti Yanukoviç Putinə birmənalı "hə" deyə bilmir. Çünki bu halda Ukraynanın Avropa Birliyinə üzvlük perspektivi heçə enəcək. Brüssel Kiyevi xəbərdar edib ki, Gömrük Birliyinə üzv olsa, Ukrayna ilə assosiativ anlaşma imzalanmayacaq. Ukraynada isə imkanlı və orta təbəqə, o cümlədən ölkənin qərb hissəsi Avropa Birliyi ilə yaxınlaşmanı doğru sayır. Ona görə də Yanukoviç ağır seçim qarşısındadır. O, Avropa Birliyinin gələcək investisiyalarından da məhrum olmaq istəmir. Bilir ki, hətta Rusiyanın istəyinə uyğun hərəkət etsə belə, bu ölkədən yetərli investisiya ala bilməyəcək. Rusiya geosiyasi şərti yerinə yetirilmədən heç bir ölkəyə kredit vermir.
Yanukoviçin Bakıya qəfil gəlişini Rusiya ilə gələcək müzakirələrlə bağlı olduğunu deyən analitik Moskvanın hələ ki, Avropaya qazı Ukrayna üzərindən çatdırdığını xatırladıb: "Ancaq Rusiya yaxın gələcəkdə şimal və cənub boru xətlərini işə salacaq və qazı Ukraynadan yan keçməklə də Avropa bazarına çatdıra biləcək. Bu mənada Rusiyanın Ukraynadan asılılığı azalacaq və Kiyevə istədiyi qiyməti diktə edə biləcək. Razılaşma olmasa, Rusiya Ukraynaya qaz ixracını azalda da bilər. Görünür, Yanukoviç də həmin günə hazırlıq üçün alternativ enerji mənbələrini tapmaq qərarına gəlib. Bu alternativ enerji mənbələrindən biri kimi də Azərbaycan qiymətləndirilir. Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır və Kiyevə uyğun qiymətə neft, qaz ixrac edə bilər. Məsələn, Odessa-Brodı xətti ilə ötürülən neftin həcmi artırılar.
Elxan Şahinoğlu Yanukoviçin bu günlərdə Putinlə görüşünün planlaşdırdığını vurğulayıb: "Görünür, Yanukoviç bu görüşdən öncə Azərbaycanın dəstəyi ilə əlini gücləndirmək istəyir. Azərbaycan bir dəfə Belarusun əlini məhz belə gücləndirmişdi. Baxmayaraq ki, Belarus Rusiyanın müttəfiqidir, Moskva Minskə qarşı təzyiq alətlərini əldən vermir. Bir dəfə də Minskə təzyiq etdikdə Belarus prezidenti Aleksandr Lukaşenko maliyyə yardımını Kremldən deyil, məhz Bakıdan əldə etdi. Şübhə etmirəm ki, Bakının bu addımı o zaman Kremli qıcıqlandırıb. Bakı bu dəfə Kiyevə yardım əlini uzatsa, Kremlin reaksiyası yenə mənfi olacaq. Ancaq necə ki, Kreml hazırda Azərbaycana qarşı təzyiq alətlərini hərəkətə gətirib, eləcə də Bakının müttəfiqlərinin və dost dövlətlərinin Rusiyanın təzyiqləri qarşısında tab gətirməsi üçün yardım etmək haqqı var. Bunun qarşılığında Bakının da Kiyevdən istəyi var: Ukrayna ATƏT sədrliyinə keçib. Ondan Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq xahiş olunacaq".
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27