Azərbaycanın işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən hərbi qulluqçular arasında kütləvi dava baş verib. Dava nəticəsində beş nəfər xəsarət alıb.
Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, artilleriya divizionunda xidmət edən gənc əsgərlərlə müqavilə əsasında xidmətdə olan hərbçilər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Hərbi qulluqçular Hayk Martirosyan, Aram Papikyan, Narek Torosyan, Tiqran Aseryan, Artik Musoyan müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb məntəqəsinə yerləşdiriliblər.
Komandanlıq hadisəni ört-basdır etməyə çalışıb. Lakin davada xəsarət alanlardan birinin vəzifəli qohumu bu hadisədən xəbər tutduqdan sonra hərbi hissə komandiri hərbi prokurorluğa məlumat verməyə məcbur olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.