Aqrar Xidmətlər Agentliyi (AXA) kənd təsərrüfatı texnikası istifadəçilərini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
AXA-dan Unikal.org-a bildirilib ki, bəzən fermerlər və mexanizatorlar rayon, kənddaxili yollarda, təsərrüfatlara gedərkən yol yaxınlığı, əraziyə yaxşı bələdlik kimi səbəblərlə yola nasaz texnika ilə çıxır, təhlükəsizlik qaydalarını pozurlar. “Təəssüf ki, belə məsuliyyətsiz yanaşmalar qəzalara, insan itkilərinə, ailə faciələrinə səbəb olur”, - deyə AXA-dan bildirilib və mütəmadi reydlərdə belə halların qarşısının alındığı qeyd edilib.
Aqrar Xidmətlər Agentliyinin texniki nəzarətin təşkili üzrə əməkdaşları Gəncə şəhəri və Göygöl rayonları ərazisində keçirdikləri reyd zamanı texniki baxışa təqdim olunmayan 2 traktor sürücüsünü saxlayıb, inzibati protokol tərtib ediblər. Bundan başqa, sürücülük vəsiqəsi olmadan texnika idarə edən 2 sürücü saxlanılıb, texnikanın hərəkəti dayandırılıb. Həmçinin, dövlət qeydiyyat nişanlarını gizlədən sürücülərə də xəbərdarlıq edilib və dövlət qeydiyyat nişanları zavod tərəfindən təyin olunan yerə bərkidilib.
Aqrar Xidmətlər Agentliyi texnika sahiblərinə və sürücülərinə bildirir ki, “Yol Hərəkəti Haqqında Qanun”una uyğun olaraq, dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.