Doqquz ölkənin prezidenti və baş naziri "Tibbi Təhsil" kateqoriyasında İqnobel mükafatına layiq görülüb.
Unikal.org xəbər verir ki, bu barədə “Improbable Research” saytı yazır.
Bildirilir ki, mükafat “siyasətçilərin elm və həkimlərdən daha çox həyat və ölümə birbaşa təsir göstərə biləcəyini dünyaya öyrətmək üçün koronavirus pandemiyasından istifadə etdiyi üçün" verilir.
“Tibbi Təhsil” kateqoriyasında İqnobel mükafatını alan prezidentlər və baş nazirlər:
Belarus prezidenti Aleksandr Lukaşenko;
Braziliya prezidenti Jair Bolsonaru;
Böyük Britaniyanın Baş naziri Boris Conson;
Hindistanın Baş naziri Narendra Modi;
Meksikanın prezidenti Andres Manuel Lopes Obrador;
Rusiyanın prezidenti Vladimir Putin;
ABŞ prezidenti Donald Tramp;
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov;
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan.
Qeyd edək ki, bu, Aleksandr Lukaşenkonun ikinci İqnobel mükafatıdır. Belə ki, 2013-cü ildə ona ictimai alqışlamaları qadağa etdiyi üçün “Sülh mükafatı” nominasiyasında mükafat verilib.
“Sülh” kateqoriyasında mükafat Hindistan və Pakistan hökumətlərinə “diplomatlarının gecə yarısı gizlincə bir-birlərinin qapı zənglərini çalıb qaçdığına görə" verilib.
“İdarəetmə” kateqoriyasında qələbəni Çində sifarişli qətlə görə məhkum olunan bir qrup şəxs qazanıb. Belə ki, tapşırıq qurban bu barədə məlumat alana qədər zəncirvari şəkildə bir neçə dəfə ötürülmüşdü.
“Psixologiya” kateqoriyasında mükafat ABŞ və Kanada nüayəndələrinə “qaşlarını araşdıraraq “narsisistləri” (özünəvurğunlar – red.) tanıma metodunu inkişaf etdirdiyinə görə” verilib.
“İqtisadiyyat” kateqoriyasında mükafat müxtəlif ölkələrdə milli gəlirin bərabərsizliyi ilə dodaq-dodağa öpüşmənin orta sayı arasında əlaqə tapmağa çalışan bir qrup alimə verilib.
İqnobel mükafatı “əvvəlcə güldürən, sonra düşündürən” araşdırmalara görə verilir.
Mükafat hər il Harvardda təqdim olunur. 2020-ci ildə mərasim “Improbable” saytında yayımlanıb.