Nazirlər Kabinetinə təqdim edilən layihədə əlilliyin xəstəlik, çatışmazlıq və zədə fəsadlarının insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasına səbəb olan orqanizmin funksiyalarının itirilməsi faizlərilə ifadə olunması nəzərdə tutulur.

Bu barədə Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni meyarlarda əlilliyin qiymətləndirilməsi zamanı insanın 7 əsas həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınacaq: "Bunlar özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti bacarığıdır. Əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarlara əsasən, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması insan orqanizmi funksiyalarının IV dərəcə (81-100%), III dərəcə (61-80%) və II dərəcə (31-60%) itirildiyi hallarda təyin ediləcək".

Qeyd olunub ki, insan orqanizmi funksiyalarının I dərəcə itirilməsi zamanı (10-30%) yalnız peşə xəstəliyi və əmək zədəsi olduğu hallarda qiymətləndirilmə aparılacaq. Həmçinin, 18 yaşınadək uşaqlara sağlamlıq imkanlarının məhdudluğu insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) hər üç məhdudlaşma dərəcəsi mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən ediləcək.

Nazirlikdən bildirilib ki, “Əlilliyin müəyyən olunması meyarları” layihəsi hazırlanarkən bu sahədə Rusiya, Avstriya, Böyük Britaniya, Almaniya və ABŞ kimi ölkələrin ən qabaqcıl beynəlxalq təcrübəsi öyrənilib, Avropa İttifaqının “Fiziki və əqli əlilliklə bağlı reytinq dərəcəsi” sənədi təhlil edilib, Ümumdünya Səhiyyə Təşkilatının standart diaqnostik aləti olan “Xəstəliklərin Beynəlxalq Təsnifatı” və “Funksionallığın Beynəlxalq Təsnifatı”ndan geniş istifadə olunub.