Sentyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) “Peşəkar, qeyri-peşəkar, həvəskar tərcümənin fərqlilikləri” mövzusunda onlayn elmi konfrans keçirilib. ADU və Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycanın görkəmli tərcüməçisi, dilçi alimi İsmixan Rəhimovun 95 illik yubileyinə həsr olunub. 

Unikal.org xəbər verir ki, ADU-nun rektoru, Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının sədri, akademik, Xalq yazıçısı Kamal Abdulla görkəmli dilçi alim, Azərbaycanın böyük ziyalısı İsmixan Rəhimovun yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb. O, bu gün İsmixan Rəhimovun əməllərinin, zəhmətinin yetişdirdiyi tələbələrdə özünü göstərdiyini deyib. Rektor İ.Rəhimovun əziz xatirəsinin qəlblərdə yaşayacağını vurğulayıb: “O, çox mərd insan idi. Azərbaycanın demokratik yolda inkişafı üçün ilk bayraq qaldıranlardan biri olub. 50-ci illərdə İsmixan müəllimin səsi siyasi arenalardan gəldi, siyasi müstəvidə səsləndi. İsmixan müəllim, başqa bizim görkəmli ziyalılarımız Azərbaycan dili, ölkənin təbii sərvətləri, burada gedən sosial-siyasi proseslərlə bağlı öz səslərini ucalda bildilər”.

Kamal Abdulla dilçi alimin öz mübarizəsini daha sonra başqa istiqamətdə - tələbə auditoriyasında, Elmi şuralarda davam etdirdiyini qeyd edib. İsmixan Rəhimovun universitetlə yanaşı, digər elm ocaqları ilə əlaqələrinin mövcud olduğunu söyləyən akademik Kamal Abdulla onun elmi fəaliyyətindən, potensialından digər bölgələrdəki universitetlərin də faydalandığını diqqətə çatdırıb: “Onun tələbələri bu gün yalnız bizim universitetin deyil, digər universitetlərin də aparıcı müəllimləridir. İsmixan müəllimə rəhmət diləyirəm. Dillər Universiteti öz vətənpərvər, millətçi, xalqsevər fədailərinin xatirəsini yaşatmağı bacarır”.

ADU-nun professoru Qılıncxan Bayramov İsmixan Rəhimov və onun əvəzolunmaz fəaliyyəti haqqında danışıb. O, İsmixan Rəhimovun adına auditoriyanın yaradılmasının universitetin onun xatirəsinə hörmətinin ifadəsi olduğunu deyib. Professor Q.Bayramov dilçi alimin Azərbaycanın müstəqilliyi, Azərbaycan dilinin inkişafı uğrunda apardığı mübarizədən danışıb.

Konfransa Türkiyədən qoşulan Azərbaycan və Türkiyə Yazıçılar Birliyinin üzvü, çoxsaylı Azərbaycan əsərlərinin türk dilinə tərcüməçisi İmdad Avşar Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının yaradılmasında əməyi keçən hər kəsi, həmçinin ADU heyətini təbrik edib. 

Bu qurumun türk dünyası üçün yaradılmasının vacib olduğunu deyən İ.Avşar bu başlanğıcın həm Azərbaycan ədəbiyyatının digər ölkələrdə tanıtım, həm də türk dünyası üçün ciddi fəaliyyət mərkəzi olacağına ümid etdiyini bildirib. İ.Avşar Azərbaycan ədəbiyyatından etdiyi tərcümələrdən bəhs edib.

ADU-nun professoru Vilayət Hacıyev İsmixan Rəhimovun həyat və yaradıcılığından söz açıb. Konfransın əhəmiyyətindən danışan V.Hacıyev Azərbaycan ədəbiyyat nümunələrinin dünya dillərinə tərcümə prosesindəki problemlərə də diqqət çəkib.

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.