Sentyabrın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Arian Baueri və nümayəndəliyin rəhbəri vəzifəsində fəaliyyəti başa çatan xanım Elena Aymone Sessera ilə görüşüb.
Unikal.org xəbər verir ki, Dövlət Komitəsinin sədri Arian Baueri yeni təyinatı münasibəti ilə təbrik edib.
Görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdundan didərgin düşmüş 1 milyon 200 mindən soydaşımızın üzləşdiyi çətinliklər və məhrumiyyətlər haqqında məlumat verilib . Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı 4 qətnaməsi hələ də icra edilməyib. Ermənistan işğalçılıq siyasətini davam etdirir, hərbi qarşıdurmanı qızışdırmağa cəhd göstərir. Bu gün Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçularından biri şəhid olub, biri yaralanıb.
BQXK nümayəndələrinə bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda dünyada koronavirus pandemiyası ilə əlaqədar iqtisadi böhranın davam etdiyi bir vaxtda belə Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial layihələr ardıcıllıqla icra olunur, yeni qəsəbələr salınır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğı göstərir, onların problemlərinin həllinə daim diqqət yetirir.
Görüşdə xatırlanıb ki, Ümumilli Lider Heydər Əliyevin çağırışı ilə ötən əsrin 90-cı illərində Azərbaycana gələn beynəlxalq təşkilatların dəstəyi nəticəsində ölkəmizdə humanitar fəlakətin qarşısı alınıb. Həmin dövrdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda fəaliyyəti, qaçqınların və məcburi köçkünləri çadırlarla, ərzaq və digər ləvazimatlarla təminatında fəal iştirakı unudulmur, dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Diqqətə çatdırılıb ki, Dövlət Komitəsi Beynəlxalq Qızıl Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyətləri ilə birgə cəbhəyanı ərazilərdə və təmas xəttində yaşayan məcburi köçkünlər üçün ilk tibbi yardım təlimləri keçirilir. Ötən il Tərtərdə keçirildikdən sonra bu təlimlər koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. İndi Ağdam rayonunda təlimlərin keçirilməsi üçün hazırlıq görülür.
Söhbət zamanı Dövlət Komitəsi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qaşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Xanım Elena Aymone Sessera təmsil etdiyi beynəlxalq təşkilatın ölkəmizdəki fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, BQXK tərəfindən keçirilən digər təlimlərdə yerli icma ilə yanaşı, məcburi köçkünlər də iştirak edir.
Xanım Arian Baueri səmimi qəbula görə təşəkkür edib. Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Dövlət Komitəsinin sədri xanım Elena Aymone Sesseraya ölkəmizdəki səmərəli fəaliyyətinə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.