Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 86 min 508 yeni yoluxma və bu virus səbəbindən 1129 ölüm qeydə alınıb. Bu, ötən gün üçün dünyada sutkalıq ən çox yoluxma və ölüm halıdır. Ümumiyyətlə, Hindistan son bir neçə gündür ki, sutkalıq yoluxma və ölüm hallarının sayına görə bütün ölkələri qabaqlayır.
Unikal.org-un məlumatına görə, Hindistanın Federal Səhiyyə Nazirliyi açıqlamasında xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 5 milyon 732 mini ötüb. Hindistanda pandemiya qurbanlarının sayı isə 91 min 149-a çatıb. Hindistanın Dəmir Yolu Məsələləri üzrə Dövlət naziri Sureş Anqadi COVID-19 virusuna yoluxduğu təsdiqləndikdən 2 həftə sonra - ötən gün vəfat edib.
Baş Nazir Narendra Modi əhalinin qoruyucu maska taxmasının artıq vərdiş halını alacağına ümid etdiyini deyib.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Ölkədə virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də 3 milyonu, sentyabrın 4-də 4 milyonu, sentyabrın 15-də isə 5 milyonu ötüb. Avqustun 6-dan bəri sutkalıq ən çox yoluxma Hindistanda qeydə alınır.