Oktyabrın 5-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verilib.
Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, brifinq iştirakçılarının diqqətinə işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı və azad olunmuş ərazilər, düşmən qüvvələrinə vurulmuş ziyan barədə məlumat verilib.
Bundan əlavə, qonaqlara təmas xəttindən xeyli uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlarına düşmənin raket və artilleriya zərbələri endirməsi barədə də ətraflı məlumat çatdırılıb.
Düşmənin açdığı atəş zərbələri nəticəsində dinc əhali və mülki infrastruktura dəyən ziyan, eləcə də düşmən ordusunun öz hərbi qulluqçularına qarşı göstərdiyi qeyri-insani münasibət və hərəkətlər barədə faktlar da diqqətə çatdırılıb.