Bakcell şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna daha 1 milyon məbləğində vəsait köçürüb.
Unikal.org xəbər verir ki, şirkət cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə irəliləyən Ordumuza dəstək üçün bir neçə gün əvvəl də Ordumuza 500 min manat ianə etmişdir.
Beləliklə, Bakcell tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna göstərilən maddi dəstəyin ümumi məbləği 1 milyon 500 min manat oldu.
Bu məbləğ Bakcell şirkətinin daxil olduğu “NEQSOL Holding” tərəfindən ayrılmış 2.5 milyon manat məbləğində ümumi büdcə çərçivəsində fondun hesabına köçürülüb.
Bakcell şirkətinin kollektivi vətən uğrunda qəhrəmancasına vuruşan xilaskar əsgərlərimiz qarşısında baş əyir və onlarla qürur duyduğunu bildirir. Sarsılmaz şücaətə malik hərbi qüvvələrimizin zəfər xəbərlərini səbirsizliklə gözləyirik. Qarabağ Azərbaycandır!
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.