İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti noyabrın 3-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək. Hərraca 49 əmlak çıxarılacaq.

Bu barədə Unikal.org-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bunlardan 24-ü kiçik dövlət müəssisəsi və obyekti, 2-si yarımçıq tikili, 23-ü isə səhmdar cəmiyyətidir. Hərraca çıxarılan əmlakların tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://rb.gy/kf5nhp , https://rb.gy/nbugf2 , https://rb.gy/bhky8x ).

Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılacaq dövlət əmlakları respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri və istehsal müəssisələridir.

Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.