Dünya miqyasında koronavirusa yoluxma hallarının artması ilə əlaqədar tələbatla bağlı narahatlıqlar fonunda neft qiymətləri azalır.
Unikal.org “İnterfaks”a istinadən xəbər verir ki, hazırda bazarın diqqəti bu gün keçiriləcək OPEC+ Monitorinq Komitəsinin (JMMC) nazirlərinin onlayn görüşünə yönəlib. Nazirlər neft bazarındakı vəziyyəti və neft hasilatının azaldılmasına dair razılaşmaların icrasını müzakirə edəcəklər.
Londondakı “ICE Futures” birjasında “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti səhər saat 09:20-də 42,86 dollar/barel təşkil edib ki, bu da öncəki sessiyanın bağlanış qiymətindən 0,07 dollar (0,16%) azdır.
Nyu York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 40,78 dollar/barel təşkil edir ki, bu da öncəki sessiyanın səviyyəsindən 0,1 dollar (0,24%) azdır.
Son bir həftə ərzində “Brent” 0,2%, WTI isə 0,7% bahalaşıb. “Bloomberg” yazır ki, dünyanın bir çox ölkəsindəki ikinci koronavirus dalğası yenidən neftə olan tələbatın perspektivlərini şübhə altına salıb. OPEC Baş katibi Məhəmməd Barkindo keçən həftə tələbin proqnozunun heç də xoş olmadığını söyləyib. Hasilat, çox güman, artmağa davam edəcək. Üstəlik, “Baker Hughes” şirkətinin cümə günü yayımlanan məlumatlarına əsasən, ABŞ-da işləyən neft platformalarının sayında ardıcıl dördüncü həftədir artım qeydə alınır. Bu da ABŞ-da qazma fəaliyyətində tədricən artım olduğunu göstərir.