"Qoca" ilə gənclər yenə də dalaşdılar
13:07 22-12-2012
CƏMİYYƏT
"Qoca" ilə gənclər yenə də dalaşdılar
Kulis.az saytının baş redaktoru Qan Turalın Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anardan aldığı müsahibə postmodernist yazarlar arasında ciddi qalmaqal yaradıb. Başda gənc şairə Günel Mövlud olmaqla, bəzi yazar, şair və jurnalistlər bu müsahibəni Qan Turalın uğursuzluğu kimi qiymətləndirib.
Bunun əksini düşünənlər isə əks cəbhəyə qarşı öz arqumentlərini səsləndiriblər. Amma bu məqamda söz davasının səviyyəsi də aşağı düşüb. Bəzi şairlər mübahisəni təhqir səviyyəsinə endirərək, bir-birinin şəxsiyyətini alçaldan ifadələr işlədiblər.
Bu məsələdə bütün tərəflər az-çox "ürəyini boşaltsa" da, mübahisələrin əsas fiquru olan Anarın baş verənlərə münasibəti maraqlıdır. Hər halda, gənc yazarlar cəbhəsində yaşanan söz atışmaları onun müsahibəsi ətrafında baş verib. AYB sədri kənardan baş verənlərə baxıb nə düşünür? Bu mübahisələri necə qiymətləndirir?
Anar açıqlamasında dedi ki, əslində bütün hadisə Qan Turalın ondan müsahibə almasından başlayıb. Müsahibimiz jurnalistin verdiyi bütün sualları cavablandırdığını vurğuladı: "İndi o müsahibəyə kim necə münasibət bildirdi, öz işidir. Elə adamlar var ki, mənim qanımı içməyə hazırdır. Onlar mən nə desəm də, əleyhimə yazacaqlar. Mən eşitdim ki, onların içində qadın da var. Bilmirəm, o qadın anadır, ya yox. Amma içində bu qədər zəhər varsa, o, öz uşağına necə süd verəcək? O südlə yetişən bala necə olacaq?"
Anar müsahibə ilə bağlı deyilən digər tənqidi fikirlərin isə təkrar olduğunu söylədi. Anar "bu, mənim üçün yenilik deyil" deyərək, müsahibədə bir gənc şair barədə dediyi fikrə də yenidən toxundu: "Biri deyir, "Anara lazımdır ki, mən onun istedadını təsdiq edim. Onun mənim istedadımı təsdiqləməsinə ehtiyacım yoxdur". Bir-iki dənə babat şeir yazıb, mən də bunu istedadlı adlandırmışam. Bunu da ona görə istedadlı adlandırmışam ki, o birilər bundan zəifdir. Onun da qudurub, özünü böyük qələm sahibi kimi təqdim etməsi də kiçikliyini göstərir. Lap cavanlar da, ağzının südü qurumamış insanların başlarından böyük danışmaqları məni təəssüfləndirir ki, bunlar nəyə, hansı istedadlarına arxalanıb, belə yekə-yekə danışırlar, başından böyük qələt edirlər".
Anar müsahibədə Qan Turalının zəif görünməsi ilə bağlı deyilən tənqidlərə qoşulmadığını söylədi. Onun sözlərinə görə, belə bir zəiflik, gücsüzlük hiss eləməyib: "Əksinə, hiss elədim ki, suallar verdi. Yəqin bu suallar onu maraqlandırırdı. Mən də onlara cavab verdim".
Müsahibimiz sonda bu müsahibənin gənclər arasında fikir ayrılığı yaratmasına da münasibət bildirdi. Dedi ki, "onsuz da mən nə yazsam, bunlar əleyhinə olacaq": "Bu, əvvəldən məlum idi. Bunlar zombi kimi özlərini proqramlaşdırıblar ki, Anar nə desə, biz bunun səhv olduğunu deyəcəyik. Qoy desinlər. Deyirlər, Anarın yazdığı həcv zəifdir. Zəifdirsə, niyə bu qədər bununla məşğul olurlar? Bunları narahat edən mənim varlığımdır. Yaşayıramsa, yanıb-tökülürlər. Yanıb tökülsünlər bundan sonra da. Çünki yaşayacağam".
Yazıçı Şərif Ağayarın sözlərinə görə, "Mən Qan Turalının yazıçı Anardan götürdüyü müsahibəni ədəbi prosesdə uzun zamandan bəri davam edən gərgin mübarizənin dialoq müstəvisinə keçməsi və ədəbi-intelektual mükalimə kimi dəyərləndirirəm. Qan Turalının bu addımı atmasından narazı olanların da haqsız olduğunu düşünmürəm. Onların da müəyyən məqamlarda haqlı çıxa biləcəkləri arqumentləri mövcuddur".
Yazıçının sözlərinə görə, "Azərbaycan Yazarlar Ocağı - AYO Azərbaycan ədəbi mühitinə yeni bir ruh, yeni bir dalğa, tam yeni bir nəfəs gətirdi və bu, artıq etiraf edilmiş, öz təsdiqini tapmış həqiqətdir. Barəsində dartışmalar açılmış Qan Turalı da bu qurumun köynəyindən çıxıb və heç vaxt təmsil və müdafiə etdiyi bədii-estetik mövqeyə dönük çıxmaz. Şəxsən mən çalışıram ki, onun bu addımını başa düşüm".
Şakir
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27