Oqtay Əsədov Avropa Şurasını ittiham etdi
13:08 22-12-2012
CƏMİYYƏT
Oqtay Əsədov Avropa Şurasını ittiham etdi
Səyavuş Novruzov isə müxalifəti tənqid edi
Milli Məclis payız sessiyasının son iclasını keçirir. Parlamentin gündəliyinə 29 məsələ salınmışdı.
Amma iclas başlayanda spiker Oqtay Əsədov bildirib ki, gündəliyə təklif olunan 5 məsələ parlamentin yaz sessiyasına saxlanılacaq. Bunlar aşağıdakı məsələlərdir:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanunununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
"Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
"Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Qüdrət Həsənquliyevdən təklif
Milli Məclisin keçirilən iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev dırnaqarası qiyamət günündən sağ çıxdıqları üçün bütün deputatları təbrik edib.
Daha sonra millət vəkili təkliflə çıxış edərək bildirib ki, parlament Əfv Komissiyasının iclası başladığına görə, prezidentdən müsavatçı gənc Nigar Yaqublu da daxil olmaqla, adları siyasi məhbus kimi keçən şəxslərin əfv olunması üçün müraciət etsin.
"Onların əfv olunması ilə bağlı beynəlxalq təşkilatların əlinə fürsət verməməliyik. Onların buraxılması bu təşkilatların əlindəki fürsəti almaqdır. Ona görə, parlament bu məsələyə diqqətini yönəltsə, daha yaxşı olar".
Daha sonra Q.Həsənquliyev qeyd edib ki, Avropa Parlamentində Dağlıq Qarabağ məsələsinin gündəliyə çıxarılmasını bütövlükdə parlamentin xarici siyasətdə oynadığı rolun nümunəsi saymaq olar.
Deputat bu məsələdə millət vəkili Elxan Süleymanovun mühüm rolunun olduğunu vurğulayıb.
Lakin spiker Oqtay Əsədov bildirib ki, bu Elxan Süleymanovun şəxsi təşəbbüsü ilə həll olunmayıb, bu, Azərbaycan parlamentinin gördüyü işlərin nəticəsidir.
Oqtay Əsədov
AŞPA-ni tənqid etdi
Milli Məclisin spikeriOqtay Əsədov Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərə toxunub. Parlament sədri çıxışında bildirib ki, Avropa Şurası ölkəmizə qarşı ikili standartlarla yanaşır.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Avropa Şurasına daxil olduqdan sonra üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetib.
"Biz bütün öhdəlikləri yerinə yetirmişik. Yalnız bir öhdəlik qalıb ki, onun da yerinə yetirilməsi uğrunda iş gedir".
Deputatdan
Gürcüstanda yaşayan
azərbaycanlılara dəstək
Dputat Fazil Mustafa Gürcüstanda yaşayan azərbaycanlıların sərhədi keçməsi məsələsinə münasibət bildirib. "Burada keçən insanlara müəyyən vaxt qoyulur, qeyd olunan vaxtdan artıq qaldıqda 400 manat cərimə olunur. Bu imkansız insanlar üçün çox çətin məsələdir".
Eyni zamanda F.Mustafa İran-Azərbaycan arasında viza rejiminin bərpası məsələsinə münasibət bildirib. "Bundan daha çox sərhədyanı bölgədə yaşayanlar əziyyət çəkir. Həmçinin Azərbaycanda səhiyyənin bərbad olduğu bir zamanda kasıb insanlar heç olmazsa imkanlaşdırıb öz sağlamlıqlarını qorumaq və bərpa etmək üçün İrana gedirdilər, indi bunun da qarşısı alınır. Amma varlı insanlar dünyanın hər yerinə gedə bilirlər. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Bununla bağlı siyasi qərar verilməlidir".
Deputat çıxışı zamanı siyasi məhbuslar məsələsinə toxunub və bildirib ki, onların azad olunması ilə bağlı məsələ qaldırılmalıdır.
Spiker Oqtay Əsədov isə qeyd edib ki, Azərbaycanda səhiyyənin bərbad olması haqqında deyilən fikirlər doğru deyil. "Belə fikirlər səsləndirməklə səhiyyə ilə bağlı doğru olmayan rəy formalaşdırılır. Bu düzgün deyil, belə fikirlər səsləndirmək olmaz".
Səyavuş Novruzov
müxalifəti tənqid etdi
Siyavuş Novruzov həmkarı Fazil Mustafanın fikrinə münasibət bildirib. "Fazil Mustafa deyir ki, Azərbaycanda siyasi məhbus məsələsi var. Bu doğru yanaşma deyil. Hər hansı qəzetdə çalışmaq, hər hansı siyasi partiyanın üzvi olub, sonra cinayətə cəlb olunmaq siyasi məhbus anlamını vermir. Hər kəs törətdiyi cinayətin cəzasını çəkməlidir".
Daha sonra o, Nigar Yaqublu məsələsi barədə danışıb. Qeyd edib ki, bununla bağlı müəyyən fikirlər söyləyirlər. "Belə cinayət törədənlər 7 il, bəzən 9 il həbs olunurlar. Birincisi, məsələ tam yekunlaşmayıb, ikincisi bununla bağlı həbs müzakirə olunur. Bunu şouya çevirmək düzgün deyil. Bununla bağlı Milli Məclisin deputatları da qol çəkib bir namə də göndərmişdilər".
S. Novruzov həmçinin qeyd edib ki, Konstitusiyaya əsasən, prezident seçkiləri gələn ilin oktyabr ayının 3-cü həftəsinə düşür. "Bu vaxta eyni zamanda Qurban bayramı düşür. Bəzi siyasətçilər bunu hakimiyyətin seçki gününü dəyişmək kimi qiymətləndirirlər. Heç olmazsa bayram günlərində düşünsünlər, bu qədər qarayaxma olmaz, hər kəs qanuna tabe olmalıdır".
Deputat uşaqların
problemindən danışdı
"Valideyn himayəsindən məhrum olan və uşaq evlərində yaşayan, ali və orta ixtisas məktəblərinə daxil olan uşaqların təhsil haqlarından tam azad edilməsi öz həllini tapmalıdır".
Bu fikirləri millət vəkili Qənirə Paşayeva bu gün parlamentin iclasında səsləndirib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr edilməli, uşaq evində böyüyən uşaqlar ali məktəblərə və orta ixtisas məktəblərinə daxil olarlarsa, onlar təhsil haqqından tam azad olunmalıdırlar. Bu il uşaq evlərində böyüyən və məzun olan 51 nəfər gəncin ali məktəblərə, 10 nəfərin isə orta ixtisas məktəblərinə daxil olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva deyib ki, qanunvericilikdə çox yaxın günlərdə belə bir əlavələr edilərsə, bu çox müsbət addım olar. "Biz çalışmalıyıq ki, uşaq evlərində böyüyən uşaqlar ali və orta ixtisas təhsilinə daha çox meyillənsinlər və onların təhsil haqlarından tam azad edilməsi bu məsələyə böyük təkan olardı" .
Millət vəkili valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən, 18 yaşı tamam olan uşaqların yaşayış yeri ilə təmin olunması məsələsi ilə bağlı da işlərin sürətlənməsinin vacibliyinə diqqət çəkib. O, Nazirlər Kabinetinə müraciət edərək deyib ki, yaradılmaqda olan yeni himayədar (foster) qayğı xidmətlərinin fəaliyyətini tənzimləyən "Ailə Tipli Kiçik Qrup Evi haqqında Nümunəvi Nizamnamə" və "Himayədar (foster) Ailə haqqında Əsasnamə" Təhsil Nazirliyi tərəfindən baxılması və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib və onun qısa zamanda təsdiqlənməsi vacib məsələdir. " İl artıq başa çatır. Avstriyanın maliyyə dəstəyi ilə həyata keçirilən pilot layihənin başa çatmasına isə cəmi 10 gün qalır. Nazirlər Kabinetinin bu prosesin daha sürətli həyata keçməsi və uşaq evlərində valideyn himayəsindən məhrum uşaqların ev, ailə şəraitində böyüməsi kimi vacib məsələnin həllini tapması istiqamətində bu sənədləri təsdiqləməsi vacibdir. Mən Nazirlər Kabinetindən bu məsələnin tezliklə öz həllini tapmasını xahiş edirəm.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, uşaq evlərində böyüyən və valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrə verilməsi və ailə ortamında böyüyüb, tərbiyə alması istiqamətində həyata keçirilən layihələrin genişlənməsi olduqca vacibdir.
Deputat Gürcüstan - Azərbaycan sərhəd-keçid məntəqəsində yaranmış problemlə bağlı öz fikrini bildirib. Miqrasiya xidməti ilə bağlı qanunda edilən son dəyişikliklərdən sonra orada yaşayan azərbaycanlılardan cərimə tutulması və gediş - gəlişin məhdudlaşdırılması ilə bağlı mövqeyi bölüşmədiyini bildirən Qənirə Paşayeva bildirib ki, bununla bağlı miqrasiya xidmətində danışıqlar aparır.
Milli Məclis Ali Məhkəmə hakimlərini təsdiqlədi
Milli Məclisin iclasında Ali Məhkəmə hakimlərinin təyin olunması haqqında sənəd müzakirəyə çıxarılıb. Bra Ali Məhkəmə hakimlərinin, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə hakimlərinin, Sumqayıt Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələlər daxildir.
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirdib ki, komissiya 109-cu maddəni rəhbər tutularaq Məhkəmə Hüquq Şurasının təkliflərini nəzərə alaraq kassasiya məhkəmələrinin hakimlərinin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirəyə təqdim olunub və bunlar prezident tərəfindən təqdim olunub.
Ali Məhkəmə hakimlərinin səlahiyyət müddəti, səlahiyyətləri 2013-cü il 2 yanvar tarixində bitən məhkəmələr və hakimlər haqqında qanunun 94-cu maddəsinə uyğun olaraq Əliyev İslam Əli Oğlu və Cəfərov İlham Məmməd oğlunun Ali Məhkəməsi hakimləri təyin olunması, eyni zamanda Nəbiyev Hüseyn Əmir oğlunun Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin olunması haqqında sənədlər Milli Məclisdə müzakirə olunub və deputatlar tərəfindən təsdiqlənib.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27