Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, əziz dostum Şamil Ayrım və Böyük Millət Məclisində təmsil olunan dörd partiyanın təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə ölkəmizdə səfərdədir. Azərbaycan və Türkiyə rəhbərlərinin ilk səfərlərini bir-birinin ölkələrinə etmələrinin bir ənənə olduğunu nəzərə alsaq hörmətli Mustafa Şentopun Məclis sədri seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi iki dost və qardaş ölkənin münasibətlərinin hansı səviyyədə olduğundan xəbər verir.
Eyni ilə Milli Məclisin sədri hörmətli Sahibə Qafarovanın da spiker seçildikdən sonra ilk səfərinin Türkiyə Cumhuriyyətinə etməsi və orada ən ali səviyyədə qarşılanması, görüşlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb etmişdir. Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri kimi həmin səfərdə iştirak edirdim. Aparılan görüşlərdəki münasibətlər, xalqımız və ölkəmizə sevgidən doğan bəyənatlar bizdə qürur hisləri yaratmışdır. Hazırda ölkəmizdə səfərdə olan hörmətli Mustafa Şentop cənab Prezident İlham Əliyev tərəfindən qəbul ediləndə, Baş nazir və Milli Məclisin sədri ilə görüşəndə və Milli Məclisin iclasında deputatlarla görüşərkən çıxışının əsas qayəsi bu oldu: “Türkiyə-Azərbaycan münasibətləri digər iki ölkə arasında mövcud olan münasibətlərlə müqayisə edilə bilməz”. Bəli, bu doğrudan da belədir. Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bu münasibətlər “bir millət iki dövlət”in başçıları arasında olan dostluq və qardaşlıq münasibətlərində özünü simvollaşdırır. Hörmətlin Mustafa Şentop ölkəmizə səfəri çərçivəsində Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumlarını pislədi, qeyd etdi ki, hücuma məruz qalan Gəncə şəhərinə yola düşür və onu da bəyan etdi ki, TBMM-in İnsan haqları komitəsinin alt komitəsində Dağlıq Qarabağ da daxil olmaqla müharibə zonalarında insan haqlarının pozulması hallarının araşdırıldığı və Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər barədə də məruzə hazırlanacaqdır. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən dövlətimizin başçısı cənab İlham Əliyevin sözləri ilə fikirlərimi yekunlaşdırmaq istəyirəm. Cənab Prezident bu görüşdə demişdir: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”.
Milli Məcisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr qrupunun rəhbəri akademik Əhliman Əmiraslanov