Bildirmək istəyirik ki, “Ferrini” geyim mağazası “Günay Sığorta” ASC-də  sığortalanmışdır.

Unikal.org xəbər verir ki, müqavilənin qüvvədə olduğu müddətdə həmin mağazada subasma hadisəsi baş vermişdir. Müvafiq hadisə araşdırılarkən bir çox şübhəli məqamlar aşkar olunmuş və bundan əlavə, müəyyən olunmuşdur ki, həmin mağaza 2019-cu ildə sığorta bazarında fəaliyyət göstərən digər bir şirkətdən subasma hadisəsi ilə əlaqədar böyük məbləğdə sığorta ödənişi almışdır. 

Qeyd olunan faktları nəzərə alaraq və maliyyə bazarının cinayətkar qəsdlərdən qorumaq üçün şirkətimiz müvafiq hadisənin daha ətraflı araşdırılması, sığorta bazarında fırıldaqçılıqla məşğul olan şəxslərin müəyyən edilməsi məqsədilə qanunverciliklə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. 

Hal-hazırda məhz bu müraciətlə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müvafiq araşdırmalar aparılır və bu araşdırmaların “Günay Sığorta” ASC-nin fəaliyyəti, o cümlədən tələb olunan kapitalı və məcmu kapitalı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, hər hansı sığorta şirkətinin maliyyə sabitliyini yoxlamaq həmin orqanın səlahiyyəti  xaricindədir. 

Əlavə olaraq onu bildirmək istəyirik ki, “Günay Sığorta” ASC-nin maliyyə durumu tam sabitdir, baş vermiş sığorta hadisələri ilə bağlı vaxtı-vaxtında sığorta ödənişlərini həyata keçirir. 2020-ci ilin 9 ayı ərzində sığorta ödənişləri 1 milyon 749 min manat təşkil edir.

Nəzərinizə çatdırırıq ki, yoxlanılmamış, “Günay Sığorta” ASC-nin işgüzar nüfuzunu aşağı salan və müştərilərin şirkətə olan inamını sarsıdan yalan məlumatların yayılması ilə əlaqədar vurulmuş zərərin məhkəmədə və digər qaydada tələb etmək hüququndan istifadə olunacaqdır.