Haqqında yazılan millət vəkili "Unikal"a danışdı
13:28 25-12-2012
CƏMİYYƏT
Haqqında yazılan millət vəkili "Unikal"a danışdı
Aqiyə Naxçıvanlı:"Quba filalının direktoru İsgəndər Xəlilova görə işdən azad olunmayıb"
Son günlər Azərbaycan Müəllimlər İnstitutu ilə bağlı "Unikal"da bir neçə məqalə dərc olunmuşdu. Belə ki, institutda korrupsiya hallarının olması, saxta diplomların mövcudluğu, siyasi məsələlərə görə bəzi şəxslərin vəzifələrindən azad edilmələri iddia olunurdu. Bütün bu tip ittihamlara institutun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı "Unikal"ın yazdıqlarına cavab verib.
-Azərbaycan Müəllimlər İnstitutunun Quba Filialının direktoru Məmməd Məmmədov vəzifəsindən azad edilib və barəsində cinayət işi qaldırılıb. Onun işdən çıxardılması məşhur biznesmen və "Milyarderlər İttifaqı"nın üzvü İsgəndər Xəlilovla qohum olması ilə izah edilir...
-Bu yazını mən "Unikal" qəzetindən oxumuşdum. Xeyir, Məmməd Məmmədov işindəki nöqsanlara görə vəzifəsindən azad edilib. Məmmədov həmin postda iyirmi ildən çox idi ki, çalışırdı və heç kim də bilmirdi ki, o, İsgəndər Xəlilovun qohumudur. Respublika Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi onun işini yoxlayıb və onun haqqında bizə təqdimat göndərib ki, cinayət işi açılasıdır. Bundan sonra onun işdən azad edilməsi barədə təhsil naziri Misir Mərdanovun bizə əmri gəlib və mən də gedib yerindəcə onu işdən azad etmişəm. Məmməd Məmmədovun İsgəndər Xəlilovun qohumu olmasını bu günlərə qədər heç mən də bilmirdim. Bilmirəm, bu söhbəti kim uydurub...
-Ümumiyyətlə, Azərbaycan Müəllimlər İnstitutunun filiallarındakı korrupsiya halları ilə bağlı mətbuatda müxtəlif fikirlər səsləndirilir. Bu nə dərəcədə doğrudur?
-Bizim filiallarımızda heç bir korrupsiya yoxdur.Qəzetlərin filiallar barədə yalanlar uydurmaqda müəyyən məqsədləri, maraqları var. Bu maraqlar təmin edilməyəndə başlayırlar uydurmalar yazmağa.
-Belə bir fikir də səsləndirilir ki, Ağdam rayonunda on səkkizdən çox müəllimin diplomu Azərbaycan Müəllimlər İnstitutu tərəfindən verilib, amma bu diplomlar saxtadır. Bu barədə nə deyə bilərsiniz?
-Əgər belə saxta diplomlar varsa... İndi bütün təşkilatlar kimisə işə götürəndə onun diplomunu yoxlamaq üçün göndərirlər baş instituta. Məlumat verim ki, artıq 2005-ci ildən sonra bizim filiallarımız daha heç kimə diplom vermir. Bütün filalların məzunlarının diplomları baş institut tərəfindən verilir. Bu diplomlar qeydiyyatdan keçirilib. Bu barədə bizə minlərlə məktublar gəlir və biz onlara cavab veririk ki, diplomların hansı həqiqidir, hansı saxtadır. Ola bilsin ki, o, Gəncə və yaxud başqa bir filialın adıyladır, amma respublikada hamı, o cümlədən hüquq-mühafizə orqanları da bilir ki, saxta diplomları araşdırmaqla məşğul olan ayrıca bir qurum var. Filiallar saxta diplomlar veribsə, bizim apardığımız yoxlamalar zamanı bu saxtalıq üzə çıxır.
-Deyilənlərə görə, Təhsil Nazirliyi ilə Azərbaycan Müəllimlər İnstitutu arasında da müəyyən problemlər mövcuddur...
-Bizim aramızda heç bir problem yoxdur. Mən düşünürəm ki, Azərbaycan Müəllimlər İnstitutu ilə Təhsil Nazirliyi arasında ən işgüzar və ən səmimi münasibət var. Siz qəzetinizdə yazıbsınız ki, guya biz köçürmələri Təhsil Nazirliyinin başının üstündən edirik. Biz bu köçürmələri başqa institutlardan filiallara və yaxud institutdan başqa institutlara deyil, institutumuzun nizamnaməsi əsasında öz filiallarımıza edirik. Bizim nizamnamənin 3.9-cu bəndində göstərilib ki, "Ali təhsil müəssisəsinin öz institutundan filaillarına və filialdan filiala pul köçürməsi və akademik məzuniyyət verilməsi, ali təhsil müəssisəsinə bərpa edilməsi birbaşa baş institutdan asılıdır". Biz işimizi bu nizamnaməyə uyğun qururuq. Əgər bizim institutdan başqa instituta tələbə köçürülürsə, bunun üçün Təhsil Nazirliyinin göstərişi olur.
-Sizin Sevinc Babayeva ilə tanışlığınızdan danışılır...
-Mən, ümumiyyətlə, bu qadını tanımıram. Heç üz-üzə gəlsək də, tanımaram onu. Mən heç vaxt bu insanla rastlaşmamışam. Ömrümdə onu görməmişəm. Hətta indi də müəyyən edə bilmirəm ki, o kimdir və haradadır. Mənim şəklimin və adımın belə insanlarla yanaşı qoyulması mənim üçün təhqirdir. Çünki mən nə dələduzluqla məşğulam, nə moşennikliklə, nə də saxtakarlıqla. Mən belə şeyləri özümə sığışdırmaram da. Mən bilirəm ki, məni vəzifəyə qoyan Prezidentimizdir və Prezident qarşısında mənim böyük məsuliyyətim var. Mən, ümumiyyətlə, belə hərəkətləri özümə yaraşdırmaram.
Söhbətləşdi:
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27