Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Unikal.org  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, tərəqqi və xoşbəxtlik arzularını ifadə edib.

Prezident İlham Əliyev Türkiyə Prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə daim göstərdiyi siyasi dəstəyi bir daha yüksək qiymətləndirərək dost və qardaş Azərbaycan və Türkiyə xalqlarının bundan sonra da bir-birinin yanında olacağına əminliyini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlət başçısına minnətdarlığını bildirərək qardaş Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırıb, dost və qardaş xalqlarımızın hər zaman bir-birinin yanında olacağını vurğulayıb.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.